TQDK tərəfindən “Tələbə-Məzun” dövlət elektron məlumat sistemi (TMMS) yaradılıb. Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, sistemin yaradılması, idarə olunması, proqram təminatının hazırlanması və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi də TQDK-ya həvalə edilib.
Sistem eyni zamanda dövlət informasiya ehtiyatlarının reyestrinə və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə dövlət qeydiyyatına alınıb.
TMMS-də ali təhsil müəssisələrinin magistraturalarına 2013/2014-cü tədris ili üçün ərizə vermiş 21623 bakalavrdan 21083 nəfərinə dair məlumatlar mövcuddur. Sənəd verənlərdən əvvəlki ilin məzunu olan 9273 bakalavrın cəmi 3263 nəfərinin diplom məlumatı ali təhsil müəssisələri tərəfindən TMMS-ə daxil edilib.
TQDK-nın keçirdiyi qəbul imtahanları ilə heç bir təhsil müəssisəsinə qəbul olmayan bakalavrların sayı 600 nəfərdir. Onlardan 163 nəfəri ali məktəbləri cari ildə bitirənlərdir. 437 nəfər isə ali məktəbləri əvvəlki illərdə başa vurublar ki, onlardan da 82-si 2012-ci ilin məzunu olan bakalavrlardır.
Ali təhsil müəssisələrinin bitirənlər kontingentində göstərilən 9270 bakalavrdan 2617 nəfəri ali məktəbləri 2012-ci ildə bitiriblər. Onlardan yalnız 2283 nəfərinin diplom məlumatları sistemə daxil edilib və 334 nəfərin diplom əmrləri sistemə daxil edilməyib.
Qeyd edək ki, qanunvericilikdə sistem istifadəçilərinin məsuliyyətləri və inzibati tədbirlər də nəzərdə tutulmuşdur. Belə ki, təhsil müəssisələri məlumatların 10 iş günü ərzində serverə ötürülməsinə, ötürülən məlumatların tam və düzgün olmasına məsuliyyət daşıyırlar.