Metrodan və maşinistdən - REPORTAJ
26 noyabr 2013 22:59 (UTC +04:00)

Metrodan və maşinistdən - REPORTAJ

Qaranlıqdan işığa çıxmaq nədir? Elə bil cəhənnəmdən cənnətə düşürsən!

 

30 ildən bəri metropolitendə maşinist işləyən Azər Əliyev bu qaranlıq yolları ömrünün bir parçası hesab edir. Uşaqlıqdan dəmiryolçu olmaq istəyi əvvəlcə onu Dəmir Yolları İdarəsinə, sonra isə Bakı Metropoliteninə gətirib. Maşinist yerin altının üstündən daha rahat və təhlükəsiz olduğunu deyir. Ən əsası isə odur ki, tıxaclardan azad yoldur. Vəzifələri isə cədvəl üzrə hərəkət etmək və vaxtında mənzil başına yetişməkdir. Amma yeraltı dünyanın işçiləri burda da təhlükələrdən sığortalanmayıblar. APA TV-nin məlumatına görə, yaxın keçmişdə metroda bir-birinin ardınca törədilən terror aktları, naməlum səbəbdən intihar etmək niyyəti ilə özünü qatarın altına atan şəxslər, texniki problemlər yeraltı yolların başlıca çatışmazlıqlarıdır. Maşinist Azər Əliyev deyir ki, təcrübə, savad və  cəldlik bu işin ilk şərtləridir.

- İlk gəlişinizi necə xatırlayırsınız?

- Çoxdan olub. Cavan idin.

- Həmin gündən nə dəyişib?

- Çox şey dəyişib.

- İlk dəfə işə başlayanda bu qaranlıq yolun vahiməsi sizi qorxutmadı?

- Yox, burda qorxaq adamlar işləmir. Təyyarəçilər kimi, metro işçiləri də ürəklə işləyirlər.

 

Həmsöhbətim deyir ki, qatarı idarə etmək üçün xüsusi bir bacarıq və ya məharətə ehtiyac yoxdur. Sadəcə diqqətli olmaq və uzun müddət təcrübə qazanmaq lazımdır. Əsas şərtlərdən biri isə bu peşəni sevməkdir. Azər Əliyevlə söhbət əsnasında metro qatarlarını idarə etməyin sirlərini də öyrənməyə çalışdım. Məlum oldu ki, yerin üstündən fərqli olaraq, burada qatarlara stabil sürət tətbiq edilib. Bu sürəti aşmaq olduqca təhlükəlidir. Təyin edilən yerə vaxtında çatmadıqda digər bir xətt üzrə hərəkət edən qatarla üzləşmə təhlükəsi yaranır. Lakin bu da idarə mexanizmi tərəfindən vaxtında tənzimlənir.

 

Azər Əliyev yeraltı yollardakı işıqforlardan danışıb: “Bu sistem qarşıda qatar olduğunu göstərir. İşıqforda sürətin göstəricisi 70 km\saatdır. Əslində, 80-lə də sürmək olar. Amma bəzi məqamları nəzərə alıb 70 km\saat sürət tətbiq edilir”.

 

“Hər gün metrodan istifadə edirəm. Lakin bu gün fərqlidir, qatar maşinistinin yanında gedirəm. Maşinistdən bəzi qaydaları öyrənməyə çalışıram, amma mexanizmlərdən başım çıxmadığı üçün anlaya bilmirəm. Burada insanda qəribə bir hiss yaranır. Tuneldə qatarın növbəti stansiyaya çatdığını görürəm. Metropoliten işçiləri bunun maraqlı olduğu qədər də məsuliyyətli peşə olduğunu deyirlər.

  

Metroda sərnişinlərin və adi insanların ayağının heç vaxt dəymədiyi hissəyə - qatarların son dayanacağına çatırıq.

 

“Hazırda Həzi Aslanov stansiyasının dalan hissəsindəyik. Burada qatarların dəyişdirilməsi prosesi gedir. Yəni sürücü qatarın bir hissəsindən digər hissəsinə keçib yolunu yenidən Dərnəgül xətti  istiqamətində davam etdirir. Tuneldə iki qatar dayanıb, bunlardan biri stansiyaya girmək üçün öz növbəsini gözləyir. Vaxt tamam olduğuna görə biz yolumuza davam edirik”.

 

Hazırda Bakı Metropoliteninin 23 stansiyası var. 1967-ci ilin noyabrın 6-da Bakı Metropoliteninin Bakı Soveti-Nərimanov sahəsində 5 stansiyadan ibarət birinci xətti işə salınıb. Bu, keçmiş SSRİ-də beşinci, Yaxın Şərqdə isə ilk yeraltı elektrik dəmiryolu idi.

 

“Metro - sürət deməkdir. Biz də bu sürətlə qaranlıq, darısqal yollarda növbəti stansiyaya doğru gedirik. Sanki insan bu darısqallıqdan qurtulmağa çalışır və səbirsizliklə növbəti stansiyaya çatmağı  gözləyir. Təbii ki, qatarların içindəkilər bunu hiss etmir. Bunu yalnız burda dayanan insanlar hiss edir. Çünki qaranlığın və darısqallığın nə olduğunu onlar daha yaxşı bilir.  

 

İlahə Vəliyeva, APA TV

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 998
avatar

Oxşar yazılar