Bu gün Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin növbəti iclası keçirilib. Toplantını giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov bildirib ki, noyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin “Jurnalistlərin dostu” mükafatı təqdim olunub. Lent.az-ın məlumatına görə, bu məqsədlə keçirilən mərasim eyni zamanda kütləvi informasiya vasitələri rəhbərlərinin dövlət başçısı ilə görüşü kimi də yadda qaldı. Görüşdə Azərbaycan mediası ilə bağlı bir sıra önəmli təkliflər səsləndi və bunlar prezident tərəfindən müsbət qiymətləndirilib. Mətbuat Şurası istər toplantıda səslənən, eləcə də media mühitindəki nəzərə çarpacaq məsələlərə dair təkliflərini qruplaşdıraraq ölkə rəhbərliyinə təqdim etməlidir və Şuranın İdarə Heyətinin iclası da məhz bu məqsədlə keçirilir.
Ə. Amaşov ilk növbədə media rəhbərlərinin təkliflərinə həssas yanaşdığı, jurnalistika ilə bağlı dəyərli fikirlərini paylaşdığı üçün ölkə prezidenti cənab İlham Əliyevə Mətbuat Şurasının təşəkkür məktubunun ünvanlanmasını təklif edib. Təklif yekdilliklə bəyənilib.
MŞ İdarə Heyətinin üzvləri öncə qəzet yayımı ilə bağlı məsələyə münasibət bildiriblər. Bununla əlaqədar MŞ İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin başçılığı ilə ayrıca komissiyanın yaradılması qərara alınıb. Komissiyanın tərkibinə MŞ sədrinin müavinləri Umud Rəhimoğlu və Müşfiq Ələsgərli, Şuranın İdarə Heyətinin üzvləri – “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas, «Bakı xəbər» qəzetinin baş redaktoru Aydın Quliyev daxil edilib. Qrup yayım firmaları ilə müzakirələr təşkil edəcək, mövcud istiqamətdəki vəziyyətin monitorinqini aparacaq, araşdırmaların yekun Mətbuat Şurasında bir daha müzakirəyə çıxarılacaq. Eyni zamanda qəzet köşklərinin sayı və dislokasiyası ilə bağlı məsələlər də diqqətdə saxlanılacaq.
İclasda bildirilib ki, yayım işini həyata keçirən “Qasid” firmasının qəzetlərə borcu var və vəsaitin ödənməmiş qalması çap mediasının işinə mənfi təsir göstərən amillərdəndir. «Qasid» dövlət müəssisəsi olduğundan onun üzləşdiyi durumun aradan qaldırılmasında dövlət mühüm rol oynaya bilər.
Metro stansiyalarında qəzet satışı ilə əlaqədar vəziyyətə gəldikdə isə bildirilib ki, stansiyalarda digər mallar kimi, qəzet də alıcılara təqdim edilməlidir. Bu iş bir müddət öncəyədək tənzimlənirdi və eyni qayda ilə davam etdirilməlidir. Nəzərə alınmalıdır ki, metrodakı satış çap mediasının maddi sıxıntısının aradan qaldırılmasına əhəmiyyətli dərəcədə təsir göstərir.
İclasda narahatlıqla vurğulanan daha bir məqam Bakı şəhərindəki yeni köşklərdə qəzet satışı ilə əlaqədar vəziyyət olub. Bildirilib ki, ölkə başçısının müvafiq mesajlarından sonra mövcud istiqamətdə irəliləyişlər əldə olunub. Yəni köşklərdə qəzet satışının həcmi artırılıb. Amma bir sıra problemlərin qaldığı da dilə gətirilib. Bu baxımdan qəzet satışından gələn gəlirdən tutulan faiz dərəcəsinin 40 olmasının KİV-ləri qane etmədiyi vurğulanıb. Bu rəqəmin 25-30 faizə endirilməsi daha məqbul sayılıb.
İclasda jurnalistika fakültələrinə qəbul zamanı qabiliyyət imtahanın tətbiq olunması mexanizmi, KİV-lərə reklam və elanların verilməsinin beynəlxalq miqyasdakı təcrübəsinin tətbiqi ilə bağlı da müzakirələr gedib. Həmçinin Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin tədbirlərinin maliyyələşdirilməsi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin əsərlərinin beş cildliyinin buraxılması ətrafında da fikir mübadiləsi aparılıb. Təkliflərin qruplaşdırılaraq yaxın günlərdə ölkə rəhbərliyinə təqdim olunması qərara alınıb.