Mərkəzi Klinika İmran Cəfərzadə ilə bağlı açıqlama yaydı
30 iyul 2013 16:03 (UTC +04:00)

Mərkəzi Klinika İmran Cəfərzadə ilə bağlı açıqlama yaydı

 

Mərkəzi Klinika  iyulun 21-də  Xaçmazdakı “Nabran Holiday Village” istirahət mərkəzində iki ayağını itirən İmran Cəfərzadə ilə bağlı məlumat yayıb.

 

Mərkəzi Klinikadan Lent. az-a verilən xəbərə görə, 21.07.2013-cü il tarixində saat 16:35 radələrində Mərkəzi Klinikanın Uşaq Təcili yardım şöbəsinə İmran İbrahim oğlu Cəfərzadə (25.12.2010-cu il təvəllüdlü) adlı xəstə daxil olub. Xəstəyə Qəbul və təcili yardım şöbəsində  “Sağ ayaq dizaltı total amputasiya, sol ayaq dizaltı subtotal amputasiya” diaqnozu qoyulub, xidmət təcili xarakter daşıdığından xəstə  dərhal cərrahi əməliyyata götürülüb. Əməliyyat mütəxəssis-həkim heyəti tərəfindən diaqnoza müvafiq olaraq həyata keçirilib. Cərrahi əməliyyatdan sonra xəstə Reanimasiya şöbəsinə yerləşdirilib, müvafiq intensiv-terapiya xidmətləri göstərildikdən sonra stasionar şəraitdə müalicəsinə davam edilib. Hazırda xəstə valideynlərinin təşəbbüsü ilə müalicəsini davam etdirmək məqsədilə Almaniya respublikasına evakuasiya edilib.

 

“Ümidvarıq ki, bizim müəssisəmizdə uğurla həyata keçirilən ilkin cərrahi müdaxilələrdən sonra Almaniya respublikasında aparılacaq əməliyyatlarda da uğur əldə ediləcək və balaca İmran sağlam vəziyyətdə ölkəmizə, onun üçün hər şeyini səfərbər edən ailəsinin yanına qayıdacaq”.

 

Klinikadan həmçinin bildirilib ki, digər xəstələrə olduğu kimi, azyaşlı İmran Cəfərzadəyə göstərilən xidmətlər də Mərkəzi Klinikanın öz missiyasına, keyfiyyətinə və müasir tibbin beynəlxalq standartlarına uyğun olaraq həyata keçirilib: "Hazırki vəziyyətdə təmin olunan xidmətlərdən sonra İmranın ailəsi tərəfindən Mərkəzi Klinika heyətinə göstərilən xoş münasibət və minnətdarlıq nümayişi xidmətimiz müqabilində bizə verilən ən böyük mükafatdır”. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2902
avatar

Oxşar yazılar