“2001-ci ildə buraxılan test bankları öz aktuallığını itirib”.
Lent.az-ın verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə söyləyib.
Məleykə Abbaszadə bildirib ki, TQDK 20 il ərzində bütün imtahanlarında istifadə olunan test variantlarını toplu şəklində çap edib: “Yeni test bankına gəldikdə, həmin bankın bir hissəsini ola bilsin ki, gələn il çap etdirdik. Test banklarını çap etdirən kimi müəllimlər həmin test banklarını şagirdlərə əzbərlətdirirlər. Bu, düzgün yol deyil. Ona görə də biz hələ bunu çap etdirmirik”.
Məleykə Abbaszadə ötən il müəllimlik ixtisaslarına keçid balları ilə bağlı sualı da cavablandırıb. TQDK sədri bildirib ki, müəllimlik ixtisasına keçid balları aşağı olmayıb: “Elə tələbələr də vardı ki, 150-200 bal toplasalar da, özəl ali məktəbləri də seçməyiblər”.