“III qrupda ərizələrin, II qrupda isə plan yerlərinin nisbi çəkisi böyükdür”.
Lent.az-ın məlumatına görə, bunu TQDK sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, təhlil göstərir ki, ixtisas qrupları üzrə qəbul planı və ərizələrin nisbi çəkiləri arasında qeyri-tarazlıq var: “Respublikamızda texniki ixtisaslara ehtiyac çoxdur. Deməli, son illər ali təhsil müəssisələrinə tələbə qəbulu planında edilən dəyişikliklər artıq müsbət nəticəsini verməkdədir. Bu gün I ixtisas qrupunu seçən abituriyentlərin nisbi çəkisi ilə həmin ixtisas qrupu üçün ayrılmış plan yerlərinin nisbi çəkisi arasında artıq tarazlıq mövcuddur”.
M. Abbaszadə onu da vurğulayıb ki, yalnız II qrupda plan yerlərinin nisbi çəkisi abituriyent ərizələrinin nisbi çəkisini üstələyib. Bu qrupda plan yerlərinin çox, ərizələrin sayının isə nisbətən az olması müsabiqə vəziyyətinə mənfi təsir göstərib. “Nəticədə hazırlıq səviyyəsi o qədər də yüksək olmayan abituriyentlər ali təhsil almaq imkanı əldə edib. Bu baxımdan, gələcəkdə ali təhsil müəssisələrinə plan yerləri ayrılarkən mövcud reallıqlar nəzərə alınmalı, qəbul planında kəskin sıçrayışlar edilməməli, gələcək perspektivlər müəyyən edilməli, bir sözlə, uğurlu qəbul planı siyasəti aparılmalıdır” - deyə, TQDK sədri əlavə edib.