Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə sınaq imtahanlarında iştirak etmək istəyən abituriyentlərə müraciət edib. Lent.az-ın məlumatına görə, M. Abbaszadə jurnalistlərə deyib ki, çox zaman Bakıda sınaq imtahanı keçirildikdə nəzərdə tutulmuş yerlər çox tez dolur: “Biz görürük ki, həmin yerlərə abituriyentlər çox qısa zamanda yazılırlar. Regionlardan olan abituriyentlər də Bakıda keçirən sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçirlər. Ancaq buna zərurət yoxdur. Çünki biz hər bir regionda bu imtahanları keçiririk”
Abbaszadənin sözlərinə görə, TQDK-nın regional bölmələrinin yerləşdiyi rayonlarda keçirilən sınaq imtahanlarında ətraf rayonlarda yaşayan abituriyentlər də iştirak edə bilərlər.
M. Abbaszadə bildirib ki, TQDK tərəfindən sınaq imtahanları ölkənin bütün regionlarında keçirilib və hazırda da bu imtahanların keçirilməsi davam edir.