Cəlilabad rayonunun Buravar silsilə dağlarının ətəyində yerləşən ərazilərdə qış çox sərt keçir.
Yerli sakinlər APA TV-yə deyirlər ki, burada qışın oğlan çağında 13-15 dərəcəyə qədər şaxta müşahidə olunur. Dağ adamları təbiətin bu şıltaqlığına qarşı dözümlu olduqlarını desələr də, bu fikri məktəb şagirdləri və bağça uşaqlarına aid etmək mümkün deyil. Bu səbəbdən də səlahiyyətli şəxslərin başlıca vəzifəsi ümumtəhsil müəssələrinin payız-qış mövsümünə hazırlığını yüksək səviyyədə təşkil etməkdən ibarətdir. Noyabr ayının ilk günlərindən dağ kəndlərinə qarın düşə biləcəyini nəzərə alan cavabdeh təşkilatlar sentyabrın əvvəllərindən qışa hazırlıq işlərinə başlayıb. Şəhər məktəblərindən fərqli olaraq, kənd məktəblərində siniflər odun sobaları ilə qızdırılır. 226 şagiridin təhsil aldığı Ləkin tam orta məktəbində qışın təlabatını ödəmək məqsədi ilə kifayət qədər yanacaq tədarük olunub.
1939 cu ildən fəaliyyət göstərən Ləkin kənd məktəbi ayrı-ayrı vaxtlarda təmir edilsə də, yeni məktəb binasına ehtiyac var.
Ləkin kənd orta məktəbi ilə müqayisədə Zəhmətabad kənd orta məktəbində şərait daha yaxşıdır. Ötən tədris ilində istifadəyə verilən binanın qızdırılması tam müasir üsullarla həyata keçirilir. 80 şagird yerlik təhsil ocağı kombi istilik sistemi vasitəsi ilə qızdırılır.