Masazırda  köçkünlər üçün yeni məhəllə salınıb
01 aprel 2013 15:12 (UTC +04:00)

Masazırda köçkünlər üçün yeni məhəllə salınıb

Azərbaycan prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib

Aprelin 1-də Bakının Abşeron rayonunun Masazır qəsəbəsində 760 məcburi köçkün ailəsi üçün yeni salınmış məhəllə istifadəyə verilib. Lent. az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.
Prezident İlham Əliyevə məlumat verən baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, bu məhəllə qaçqınlar və məcburi köçkünlər üçün indiyədək salınmış sayca 78-ci yaşayış məntəqəsidir. Yeni salınmış məhəlləyə Azərbaycan Dövlət Neft Akademiyasının tələbə şəhərciyində müvəqqəti məskunlaşmış 760 ailə və ya 3420 məcburi köçkün köçürüləcək. Məcburi köçkünlərdən 460-ı Zəngilan, 66-sı Ağdam, 52-si Cəbrayıl, 40-ı Füzuli, 142-si isə Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xocavənd, Xocalı rayonlarındandır.
Diqqətə çatdırılıb ki, 12 hektar sahəni əhatə edən yeni məhəllədə inşa edilmiş 760 evdən 90-ı birotaqlı, 490-ı ikiotaqlı, 170-i üçotaqlı, 10-u dördotaqlıdır. Məhəllədə 540 şagird yerlik məktəb, 280 yerlik uşaq bağçası, klub-icma mərkəzi, tibb məntəqəsi və s. tikilib. Məhəllənin inşasına ötən ilin aprelində başlanılıb. Tikinti işləri bu ilin martında tam başa çatdırılıb.
Dövlət başçısı əvvəlcə Zəngilan Rayon İcra Hakimiyyətinin yeni inzibati binasında yaradılan şəraitlə maraqlanıb.
Sonra Azərbaycan Prezidenti Zəngilan rayonundan məcburi köçkün Vəli Quliyevin mənzilində yaradılan şəraitlə tanış olub. Dövlət başçısı çay süfrəsi ətrafında mənzilin sahibi ilə söhbət edib.
Azərbaycan prezidenti məhəllədə salınmış “Şəfəq” uşaq bağçası ilə də tanış olub.
Daha sonra prezident İlham Əliyev 540 şagird yerlik məktəbdə yaradılmış şəraitlə maraqlanıb. Məktəbin foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə məcburi köçkünlərlə görüşlərini, təhsilə diqqət və qayğısını, eləcə də məhəllənin baş planını əks etdirən stendlər quraşdırılıb.
Prezident İlham Əliyev məktəbin kompüter otağında, idman zalında yaradılmış şəraitlə tanış olub, Zəngilan rayonunun “Araz” idman klubunun idmançılarının nümunəvi çıxışlarına baxıb.
Dövlət başçısı idmançılarla xatirə şəkli çəkdirib.
Məktəbin ikinci mərtəbəsində Zəngilan rayonunun Tarix-Diyarşünaslıq Muzeyinin eksponatlarından ibarət guşə yaradılıb.
Məktəblə tanışlıqdan sonra dövlətimizin başçısı burada məcburi köçkünlər və inşaatçılarla görüşüb.
Zəngilan rayonundan məcburi köçkün Xuduş İsgəndərov göstərdiyi yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.
Sonda xatirə şəkli çəkdirilib.

 

# 1347
avatar

Oxşar yazılar