Bu gün Gürcüstanın Marneuli rayonunda azərbaycanlı gənclər arasında kompüterdə gürcü dilində sürətli yazma və məntiq üzrə yarışma keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət naziri Paata Zakareişvili, gənclər və idman naziri Levan Kipiani, ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və başqa rəsmi şəxslər iştirak ediblər. Yarışda 25 nəfər azərbaycanlı məktəbli iştirak edərək kompüterdə gürcü dilində sürətlə yazmağı nümayiş etdiriblər. Yarışda birinci yeri Sevinc Məmmədova, ikinci yeri Aysel Səmədzadə, üçüncü yeri isə Tural Nəsibov tutub. Məntiq üzrə yarışmada isə Aysel Həsənova birinci yerə, Səriyyə Allahverdiyeva isə ikinci yerə çıxıb. Yarışmadan sonra qaliblərə hədiyyələr təqdim olunub. Hədiyyələri nazir Paata Zakareişvili, Levan Kipiani və Mahir Məmmədov təqdim ediblər.
Qeyd edək ki, tədbir gənclərin gürcü cəmiyyətinə inteqrasiya məqsədi ilə həyata keçirilib və Gürcüstan Gənclər və İdman Nazirliyinin, ARDNŞ-in Gürcüstan nümayəndəliyinin və Marneuli Gənclər Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə baş tutub.