Manat kişinin yasından - CANLI YAYIM
23 dekabr 2015 17:40 (UTC +04:00)

Manat kişinin yasından - CANLI YAYIM

Manat kişinin ölüm xəbəri ofisə elə mənbədən çatdı ki, heç bir dəqiqləşdirmə-filan aparmağa ehtiyac qalmadı. Özcə qardaşı zəng vurub dedi ki, “xəbəriniz olsun, qağam axşam rəhmətə getdi”. İş yoldaşımızın ölüm xəbərinə verilən “bahooo” tipli reaksiyaların ardından, stollarımıza əl gəzdirib, ayağa qalxdıq. Maşında gedəcək iki nəfər - Rəhim və Rəhman qardaşları onsuz da məlum idi, öldürəsən məndən başqa heç kəslə getməzdilər. Üçüncü namizəd təzəcə bizdə işləməyə başlamış Salavat müəllim oldu, namizədliyini özü verib, özü də “seçildi.”
 

Qaldı bir yer, onu da mən fənd işlədib, guya yazığım gəlirmiş bəhanəsi ilə böyük rus xalqının ofisdəki nümayəndəsini - Natanı seçdim. Əslində isə bu iki həyasız qardaşın yolboyu maşında siqaret çəkməyinin və deyib-gülməyinin qarşısını almaq üçün eləmişdim. 
 

Kişinin ölümü çox ciddi problemlər yaradacaq, vəziyyətimiz yaman pis olacaqdı. Neçə illərdi ki, təşkilat olaraq işlərimiz Manat müəllimin hesabına yaxşı gedirdi. Qalstukunu sahmanlayıb ayaq qoyduğu heç bir idarədən boş qayıtmırdı. İş alıb gətirirdi, biz də onun hesabına işləyib, evimizə çörək aparırdıq. Onun uğurunun sirri də sadə idi - Amerikada yaşayan qardaşı. Qardaşının həm hörməti hörmət idi, həm də imkanı yaxşıydı. Getdiyi bütün idarələrin, təşkilatların qapısına düşə biləcək açar idi əlində, bir kərə “ fırlatdımı”, qapılar taybatay olurdu...
 

Maşına oturub, üzümüzü Sumqayıt yönünə çevirdik. Elə həmin dəqiqə də, Rəhmətin zarafatları başladı:

 

- Müəllim, sən canın düz-əməli sür, ehsana çataq. 

 

“Nadanın dərdinə, bir parç su bəsdi,

Aqilin dərdini çaylara danış...”  - Xumar Qədimova maşının maqnitofonundan Rəhmətə cavab verirmiş kimi oxudu. Di gəl, Rəhmət bunu başa düşdümü, inanmıram.
 

Təzəcə yol almışdıq ki, Salavat müəllim hərənin azı bir dəfə verdiyi o sualı maşındakılara ünvanladı:

 

- Bu nə addı e, qoyublar kişiyə, Manat da ad olar?” 
 

“Gör sualı kim verir e, bunun öz adına bax, verdiyi suala bax. Görun çatdamasın Manat!” Bunu mən ürəyimdə dedim.

 

Salavatın cavabını Rəhim verdi:
 

- Kişi özü deyirdi ki, indi deməsin, 61-ci ildə, manat dəyərdən düşən gün anadan olub. Dədəsinin xeyli pulu batıbmış. Ona görə atası “Manat” adını qoyub, deyib ki, o manatlarımı aldı, bu Manatı verdi mənə Allah! Onlar gəldi-gedərdi, buna bir şey olmasın barı...
 

Bir-birinin sözünü kəsə-kəsə burdan Sumqayıta qədər danışdılar. Problemin “Nata variantı ilə həlli” işə yaramamışdı. Bircə dəfə əsəbiləşib üstlərinə çığırmaq istəyirdim, onda da sağ olsun, Xumar xanım yenə çatdı dadıma:

 

“Bir azca da döz, döz, döz...”
 

Məclis qələbəlik idi. Qohum-qəbilə, idarələr, təşkilatlar. Eşidən gəlmişdi. Mərhum gecədən rəhmətə getdiyinə görə, səhər tezdən dəfn eləmişdilər ki, gəlib-gedənə əziyyət olmasın. Rəhmətlik hörmət-izzətli adam idi. Böyük bir şadlıq evi götürmüşdülər yas üçün, aradan da pərdə çəkib, qadınlara ayırmışdılar. Tərslikdən boş yer elə düz pərdənin böyründə idi. Bir tərəfdən mollanın səsi, bir tərəfdən də ağıçı qadının səsi gəlirdi. Arada rəhmətliyin ağıldan kəm bacısının qıyya çəkib ağlamaq səsi isə bütün səsləri batırırdı. Elə biz təzə oturmuşduq ki, haray salıb qışqırdı:

 

- Elman doxtur elədi, qağamı o öldürdü...
 

Rəhim o dəqiqə məlumat verdi:

 

- Bu yazıq qız həmişə günahı Elman doxturda görür. Amma o yazığın heç xəbəri yoxdur rəhmətlikdən. Bircə dəfə, fevralda halı xarablaşanda gəlib, bir ağrıkəsici vurub, vəssalam. Bunun da yadında elə qalıb. Deyir, doxtur iynəsini səhv vurdu, ondan oldu hər şey. Ta demir ki, rəhmətliyinki ağır dərd idi, Allah göstərməsin. Zəhrimar düşdü cana, qutardı...
 

- Hamımız bu dünyaya borc ödəməkçün gəlmişik, borcumuzu ödəyib, vidalaşırıq. Çün bu mərhumun da borcu bitmişdi bu dünyada, yaradan onu o biri dünyaya apardı ki, elədiklərinin əvəzini versin” – molla idi, “qızıl xırdalayırdı”.

 

- Rüqəyyaaaaa... – ağıçı qadın idi, ağı çəkirdi.

 

- Mən ödəməyəcəm kreditlərimi, qoy borclarım qalsın ki, yaradan aparmasın məni... - Rəhmət idi, mollanın dediklərindən əxz elədiyi bu olsa gərək.

 

- Qağama xəbər eliyin, nooolar! Deyin gəlsin, qardaşının ölən günüdüüüü... - rəhmətliyin bacısı idi, Amerikadakı qardaşını deyirdi. Ta bilmirdi ki, (ondan gizli saxlayırdılar) o qardaşın vəziyyəti bu qardaşdan da pisdir. Bircə ilin içində necə olubsa, bütün varından-yoxundan olmuşdu. İndi bəlkə heç gəlməyə də pulu yox idi. Yəqin ki, heç deməmişdilər də qardaşının öldüyünü.
 

- Mərhum əhli şiə qardaşımız idi, bir sinəzənlə məclisimizi davam edək – molla idi, yemək vaxtına kimi baş qatırdı.

 

- Rüqəyyaaaa... - ağıçı qadının Manat kişiyə ağlamaq fikri yox idi. Di gəl, arvadlar elə hönkürürdü ki...
 

- Ay bizi avvvarə qoyan, Əbəlfəzzz...
 

- Molla deyəsən Müsavat Partiyasındandır – Rəhman dodaq altı mızıldandı.
 

- Elə niyə? – Salavat müəllim ciddi-ciddi sual verirdi Rəhmana.
 

- Görmürsən, bütün bəlaların səbəbini rəhmətlik Əbülfəz bəydə görür - əlini ağzı ilə tutub hırıldadı...
 

- Batdıq biz, daha işdən-zaddan gözümüzü çəkək gərək. Nə ilə dolanacağıq, Allah bilir – qafa səsim idi, eləcə öz-özünə alıb-verirdi.

 

“İşlər elə belə getsə yaxşıdı” – Xumar idi, indi də beynimin içindəki “maqnitofondan” gəlirdi səsi.

 

- Anasını gözü yaşlı qoyan Rüqəyyyaaaa... - ağıçı qadın yaxşıca zilə çıxmışdı.

 

- Bismillah eləyin, mərhumun öz qazancındandı, halal çörəkdi – molla süfrəyə pendir-lavaş verilməyinə işarə vururdu. 
 

- Aş olsa, yeməyəcəm, inşallah bozbaş olar - Rəhim idi. Həyasızlığından qalmırdı.
 

- Aşı niyə yemirsən ki? - Salavat kişi idi, saflığından qalmırdı.
 

- Oxumadın o gün? Deyirdilər düyünü Kitayda nədənsə hazırlayırlar, kibrit vuran kimi yanır. Neynirəm o düyünü?!
 

- Bundan sonra heç o “kitayski” düyüdən də tapmayacaqsan, ye, Allahına şükür elə - daha dözə bilməyib, çımxırdım. Səsləri yemək yeyilib qurtaran kimi kəsildi.
 

- Bu əmin-amanlığı, bolluğu Allah bizə çox görməsin, inşəallah!” – molla süfrə duası verirdi.

 

- Ölü bolluğunu deyir, dəyyus – Rəhmət ampluasında idi.

 

- Qağamın yeri soyuq olacaq, qışa düşdü ölüsü - rəhmətliyin bacısı növbəti qıyyasını çəkdi.

 

- Torpağın üzü soyuq olar, soyuqdu yerin sənin, Rüqəyyaaa” - ağıçı qadın kirimək bilmirdi. Yəqin yeməklərini verməyiblər hələ.
 

“Bunları yasdan çıxarmağın başqa yolu olmayacaq” - düşündüm.

 

- Gəlib-gedən çoxdu, qalxın, çöldə qalanlara yer verək...

 

Çölə çıxdıq. Tək-tək yağış çiləyirdi. Salavat müəllim xahiş elədi ki, evə aparım onu. Dedim qoy Nata da çıxsın gedək. Maşına oturar-oturmaz Nata öz azərbaycancası ilə, heyrətlənmiş şəkildə dedi:

 

- Man birinci dafa oldum yasda. Bayaxdan utandım orda soruşmaqa. Siz niya ölünü qoyub başqa adama axlıyırsız? Axı ölən Manat mallim idi!

 

Nata düşənə kimi bu suala cavab gözlədi, di gəl, nəinki Salavat müəllim, heç Rəhimnən Rəhman da söz tapa bilmədi.
 

“Təndirlər üşüyər, çörək yapılmaz...”  - Xumar, sanki Novxanı yolu boyunca düzülmüş, qış olduğundan sahibsiz qalan təndirlər üçün oxuyurdu.

 

Salavat müəllim düşən kimi Rəhim üzünü qardaşına tutdu:

 

- Qağa, deyirəm gedək stressdən çıxaq e. Nə deyirsən?

 

Rəhmanın etiraz eləmədiyini görüb, mənə tərəf döndü:

 

- Müəllim, qabaqda dükan var, saxla, arağı alaq, hazır gedək.

 

Dediyi yerdə saxladım. Düşə-düşə qardaşına döndü:

 

- Nə qədər götürüm? Yarım bəsdi? 
 

“Görməz, görməz, yarım görməz” – Xumar Qədimova idi. Həm Rəhimə cavab verir, həm də yarından şikayət edirdi...

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 387
avatar

Çingiz Özgür

Oxşar yazılar