Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2013-2014-cü tədris ili üçün magistraturaya qəbul elan edib.
TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bakalavrlar “Bakalavrın elektron ərizəsi” formasını fevralın 11-dən 21-dək doldurmalı və ərizələrini fevralın 12-dən 22-dək (şənbə və bazar günləri istisna olmaqla) saat 9-dan 17-dək təsdiq etdirməlidirlər.
Elanın tam mətni “Magistr” xüsusi buraxılışının 2-ci sayında nəşr edilib. Nəşrdə magistraturaya ərizə verən bakalavr üçün təlimat, “Bakalavrın elektron ərizəsi”nin doldurulma qaydası və formasının nümunəsi, ümumi intellekt səviyyəsini ( məntiqi təfəkkürü), informatika və xarici dili (ingilis, alman, fransız, rus, ərəb, fars) bilmə səviyyəsini yoxlayan test tapşırığı nümunələri və onların düzgün cavabları da yerləşdirilib. Bakalavr TQDK-nın müvafiq internet səhifəsinə (tqdk.gov.az/erizemag) daxil olaraq şəxsiyyət vəsiqəsindən (seriyasından, nömrəsindən və PİN kodundan) və TQDK-nın virtual ödəmə kartındakı iş nömrəsi və şifrdən istifadə etməklə oradakı “Bakalavrın elektron ərizəsi” formasını doldurur. Virtual ödəmə kartını internet ödəmə və ya SMS xidmətləri vasitəsi ilə əldə etmək olar (ətraflı məlumat tqdk.gov.az/erizemag səhifəsindəki aktual keçidlərdə verilib). Bundan sonra bakalavr tələb olunan sənədləri müvafiq Sənəd Qəbulu Komissiyasına (SQK) təqdim edib “Bakalavrın elektron ərizəsi” formasını təsdiqlətdirir. “Elektron imza” sertifikatını əldə etmiş bakalavrlar “Bakalavrın elektron ərizəsi” formasını Sənəd Qəbulu Komissiyasına müraciət etmədən özləri təsdiqləyə bilərlər.
Cari ilin məzunları “Bakalavrın elektron ərizəsi” formasını bitirdikləri ali təhsil müəssisəsində yaradılmış SQK-da təsdiq etdirməlidirlər. Ali təhsil müəssisələrini əvvəlki illərdə bitirənlər ərizə formasını SQK-lardan birində, xarici ölkələrdə ali təhsil almış vətəndaşlar TQDK-da yaradılmış SQK-da, ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər TQDK-dakı SQK-da təsdiqlətdirə bilərlər.