Azərbaycanda yeni hazırlanan və bu sessiya müzakirəyə çıxarılacaq “Elm haqqında” qanunla bağlı bir sıra maraqlı təkliflər daxil olur.
Milli Məclisin Elm və təhsil komitəsindən APA-ya verilən məlumata görə, hazırda bu və ya digər təkliflər üzərində işlənilir.
Bunlar arasında ən çox edilən təkliflər magistr dərəcəsi alanların birdəfəlik hərbi xidmətdən azad olunması ilə bağlıdır. Təkliflər arasında eyni zamanda magistrlərin hərbi xidmətinin 6 ay müddətinə endirilməsi də var ki, birdəfəlik hərbi xidmətdən azad edilməyə adekvat olaraq layihənin müzakirəyə çıxarılmasında bu da nəzərdə tutulacaq.
Layihədə eyni zamanda magistraturaya qəbul olmaq istəyən bakalavrlara hərbi xidmətdən möhlət hüququ verilməsi ilə bağlı məsələ də var. Bakalavrlar üçün nəzərdə tutulan möhlət hüququ bir neçə variantda təklif olunur. Bura bakalavrlara magistraturaya imtahan vermək üçün möhlətin verilməsi, magistraturaya daxil olduqdan sonra belə bu pilləni başa vurana qədər (2 il) möhlət hüququnun verilməsi və s. təkliflər daxildir. Qanun layihəsinə həmçinin elmi dərəcələrlə bağlı müavinətlərə yenidən baxılması, gənc alimlərin dünya elminə inteqrasiyası və s. məsələlərlə bağlı təkliflər də var.
Qeyd edək ki, “Elm haqqında” qanun layihəsinin müzakirəyə çıxarılması uzun müddətdir yubanır. Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev son olaraq bildirib ki, artıq layihənin müzakirəyə çıxarılması üçün heç bir problem yoxdur, yeganə problem maliyyə təminatı ilə bağlı olub ki, bu da artıq həll olunub.
Layihənin bu sessiya ərzində parlamentdə müzakirəyə çıxarılması planlaşdırılır.