Rafiq Əliyev: “Corciya Dövlət Universitetinin, onun və mənim belə bir hədəfimiz bir neçə il qabaq formalaşıb”
Tanıtma: Professor Rafiq Əliyev1942-ci ildə Ağdam rayonunda anadan olub. O, 1967-ci ildə SSRİ EA İdarəetmə İnstitutunun (Moskva) aspiranturasını bitirib və həmin ildə namizədlik, 1975-ci ildə doktorluq dissertasiyasını müdafiə edib. 1976-cı ildə professor elmi adını alıb. 1971-ci ildə elm sahəsində Lenin Komsomolu və 1983-cü ildə SSRİ dövlət mükafatına layiq görülüb. Dünyanın müxtəlif ölkələrində ingilis, alman, rus və başqa dillərində nəşr olunmuş 61 monoqrafiya və dərsliyin, əsasən istinad indeksli beynəlxalq jurnallarda dərc olunmuş 250-dən çox elmi məqalənin müəllifidir.
Yaponiyada, ABŞ-da, Avropa ölkələrində nəşr olunan beynəlxalq jurnalların redaktoru və ya redaksiya şurasının üzvüdür. Onun elmi rəhbərliyi altında dünyanın müxtəlif ölkələrində (Almaniya, ABŞ, Rusiya, Kipr və b.) 150-dən çox elmlər namizədi, 30-a qədər elmlər doktoru hazırlanıb. Almaniyanın Siegen, Şimali Kiprin Yaxın Doğu, İranın Təbriz, ABŞ-ın Corciya Dövlət Universitetlərinin professorudur.
Elmi araşdırmalarının əsas istiqamətləri yüksək qeyri-müəyyənlik şəraitində qərar qəbuletmə nəzəriyyəsi, mürəkkəb sosial, iqtisadi və texniki sistemlərdə koordinasiya nəzəriyyəsi, qeyri-səlis məntiq, məntiqi və qeyri-səlis neyrokompütinq nəzəriyyəsidir. Elmi nəticələrinin tətbiq sahələri iqtisadiyyat, konfliktologiya, kosmik obyektlər və texniki sistemlərdir.
Professor R.Əliyev bu günlərdə Kanadadan qayıdıb. O, Kanadanın müxtəlif universitetlərində mühazirələr oxuyub, seminarlar keçirib və elmi araşdırmalar aparıb.
Rafiq Əliyevin Lent.az-a verdiyi müsahibəni təqdim edirik:
- Rafiq müəllim, Kanada səfəriniz nə ilə əlaqədar idi? Bir qədər müfəssəl informasiya verə bilərsinizmi?
- Mən hər il təxminən 15-20 beynəlxalq elmi konfransa, ya da dünyanın müxtəlif universitetlərində mühazirə oxumaq üçün dəvətlər alıram. Lakin bunların yalnız bir neçəsini qəbul etmək zorunda qalıram. “Zorunda” sözünü təsadüfən işlətmədim. Mən əvvəlki yazılarımda, “Alim” filmində, “Ovqat” verilişində də demişəm ki, dünya elmi azartlı oyun kimi bir şeydir. Düşdün, çıxa bilmirsən. Xüsusən də əgər səni beynəlxalq forumlarda plenar məruzə üçün dəvət edirlərsə imtina etmək, “oyundan çıxmaq” çox çətin olur. Onu deyim ki, mən son 10-15 ildə beynəlxalq konfranslara, simpoziumlara plenar məruzəm olanda gedirəm.
- İndi də belə idimi?
- Məni indi Kanada və ABŞ-a üç universitet dəvət etmişdi. Kanadanın Toronto universiteti, Edmontondakı Alberta universiteti və ABŞ-ın Berkleydəki Kaliforniya universiteti. Toronto universitetində Amerika qeyri-səlis informasiya cəmiyyətinin 29-cu beynəlxalq konfransı keçirilirdi. Hələ bir il öncə bu konfransın sədri Amerikalı alim Bill Tastledən belə bir məktub aldım :
“Hörmətli professor Rafiq Əliyev,
Şimali Amerika qeyri-səlis informasiya cəmiyyətinin (NAFİPS) 2010 Təşkilat Komitəsi adından Sizi NAFİPS cəmiyyətinin 2010-cu il beynəlxalq konfransında (12-14 iyul, 2010, Toronto, Kanada) əsas (plenar) məruzə ilə çıxış etməyə dəvət edirəm.
Sizin, qeyri-səlis sistemlər sahəsində çox böyük hörmət bəslənilən bir lider kimi beynəlxalq nüfuza malik olmağınız bu ilki konfransda da Sizin ideal məruzəçi olmağınızı şərtləndirir. Əlbəttə, məruzənin mövzusunu özünüz seçə bilərsiniz, təşkilat komitəsi isə öz tərəfindən bu məruzəyə görə hər bir şey edəcəkdir.
Dəvətimizi qəbul etməklə bizə şərəf verəcəksiniz. NAFİPS 2010 konfransında iştirakınız bu tədbirin nüfuzunu xeyli yüksəltmiş olacaqdır.
Əlavə hər hansı məlumata ehtiyac olduğu halda mənə bildirməyinizi rica edirəm
Müsbət cavab ümidi ilə,
Dərin ehtiramla,
Doktor Bill Tastle
Sədr
NAFİPS 2010”
Əlbəttə, belə bir mötəbər ümumdünya forumunda plenar məruzə ilə iştirak etmək hər bir elmi işçi üçün şərəfdir və hər bir kiçik və böyük ölkə üçün nadir hadisədir. Ona görə də bu dəvəti qəbul etdim.
- Çoxmu plenar məruzə vardı?
- Yox, nə qədər böyük forum olsa da orada cəmi 3-5 əsas məruzə olar. Bu plenar məruzələr ciddi elmi nəticələrə malik olmalı, yeni istiqamət, yeni söz deməlidir. Bu beynəlxalq konfransda cəmi üç plenar məruzə vardı. Bütövlükdə məruzələrin sayı yüzlərlə idi. O biri iki əsas məruzə yaxın dostlarım, birgə elmi araşdırmalar apardığımız professor W. Pedrycz, professor B. Türkşen idi. Hər ikisi dünyaca ünlü alimlərdir.
- Məruzəniz hansı elmi problemə həsr olunmuşdu?
- Məruzənin adı belə idi: “İmperfekt informasiya şəraitində qərar qəbuletmə nəzəriyyəsi”. Bugünkü mürəkkəb iqtisadi, sosial, maliyyə, siyasi sistemlər ilkin informasiyanın natamamlığı, yüksək qeyri-müəyyənliyi, dürüst olmaması şəraitində fəaliyyət göstərir. Həm də belə mürəkkəb sistemlər insanın və ya insan kollektivinin iştirakı ilə səciyyələnir (Human centric systems). Belə sistemlərdə əlverişli, optimal qərarların qəbul olunması əlahiddə məsuliyyətlə (məsələn, Obama ABŞ-ı iqtisadi böhrandan çıxara biləcəkmi), tək bir fərdin, ölkənin deyil, bəzən kollektiv, qrup qərarların qəbulu üçün qərar qəbul edənlərin xüsusiyyətləri, baş verə biləcək proseslər haqqında məlumatların dürüstlüyü və başqa faktorlarla səciyyələnir.
Əlverişli qərar qəbuletmə, çoxsaylı alternativlər içərisindən seçim strategiyası əsasən iqtisadi nəzəriyyənin predmetidir, bu nəzəriyyənin özəyidir. Bu sahədə çox müfəssəl, aksiomatik əsaslandırılmış nəzəriyyələr təklif olunmuşdur. Məsələn Nobel mükafatı laureatları Von Neumann, Morgensternin verdiyi gözlənilən faydalılıq nəzəriyyəsi, Kahnemanın həmkarı professor Tversky ilə birlikdə təklif etdikləri Prospekt nəzəriyyəsi, Hurvitzin pessimizm-optimizm nəzəriyyəsi və b. Bu nəzəriyyələrin geniş tətbiq olunmasına rəğmən onlar yuxarıda göstərdiyimiz mürəkkəb sosial, siyasi, iqtisadi, maliyyə və texniki sistemlər üçün, mərkəzində insan dayanmış sistemlər üçün özünü doğrultmur. Niyə? Biz bu suala cavab vermək üçün yüzlərlə, minlərlə elmi mənbələri tədqiq etmişik, tətbiqlərin nəticələrini araşdırmışıq. Əvvəla, bütün bu nəzəriyyələrin kökündə alternativlər arasında seçim üstünlüyünün qiymətləndirilməsinin bəsitliyi, insan təfəkkür tərzinə uyğun gəlməməsi ilə səciyyələnən bir hipotez durur. İkincisi, bu nəzəriyyələrin heç biri qərar qəbul olunan mühitin, alternativlərin faydalılığının, mühitin vəziyyətlərinin, onların baş vermə ehtimallarının imperfekt olmasını və çox zaman bütün bu informasiyaların təbii dildə formalaşmış olmasını nəzərə ala bilmir. Amma real həyat məsələləri bu iki amilin nəzərə alınmasını diktə edir. Daha mükəmməl nəzəriyyəyə ehtiyac duyulur. Bunları nəzərə alaraq biz (professor L. Zadə ilə birlikdə) imperfekt informasiya şəraitində yeni qərar qəbul etmə nəzəriyyəsi yaratdıq.
- Bu təklif etdiyiniz yeni nəzəriyyənin mövcud nəzəriyyələrdən əsas fərqləri və üstünlükləri nədir?
- Təklif etdiyimiz nəzəriyyənin əsas fərqli xüsusiyyəti odur ki, əvvəla, seçim strategiyasında alternativlərə üstünlük verilmə konsepsiyası linqvistik konsepsiyadır; ikincisi – qərar qəbul olunan mühitdə mövcud informasiya imperfektdir, yəni natamam, qeyri-müəyyən, bəzən dürüst olmayan, yarım həqiqi olan informasiyadır; üçüncüsü – bu informasiya rəqəmlər şəkilində deyil, təbii dildə formallaşır; dördüncüsü – bu nəzəriyyədə qərar qəbul edən şəxsin xüsusiyyətləri, qərar qəbul etmək gücü nəzəriyyənin kökündə duran məntiqi-riyazi modelə daxil edilir. Bu nəzəriyyənin üstünlüyünə gəlincə birincisi - mövcud nəzəriyyələr yuxarıda göstərdiyimiz şəraitdə işləyə bilmir, ikincisi – bu nəzəriyyə real həyata daha yaxındır, daha adekvatdır.
Burada iki məsələni xüsusilə önə çəkmək istəyirəm. Birincisi, ilk dəfə olaraq biz qərar qəbulolunan mühit və qərar qəbul edən insan (iqtisadi agent) haqqında olan informasiyaya qiymətləndirilə bilən (precisiated) və qiymətləndirə bilməyən (unprecisiated) kimi baxırıq. Birinci halda mühit haqqında qeyri-dəqiq də olsa informasiyamız var, məsələn ABŞ-ın iqtisadiyyatının vəziyyətləri, yəni onun qalxan, stabil və ya enən olması barədə təxmini bir qavranış (persepsiya) informasiyam var, belə informasiya adətən təbii dildə formalaşır: “ABŞ-ın iqtisadiyyatının 2011-ci ildə qalxma ehtimalı çox azdır”. Bu informasiyada heç bir rəqəm yoxdur (çünki yoxumuzdur). Hesablamalar sözlə getməlidir. Burada Zadənin klassik qeyri-səlis məntiqi istifadə olunur.
Elə situasiyalar olur ki, yuxarıda göstərdiyimiz ehtimalın və yaxud da qəbul edəcəyimiz qərarın nəticəsini hətta sözlərlə belə ifadə etmək mümkün olmur, qərar qəbul edən ümumi bir persepsiya məlumatına malikdir(burada rəqəmdən söhbət gedə bilməz). Bu halda nə klassik Aristotel məntiqinə, nə də Zadənin qeyri-səlis məntiqinə söykənən riyazi dil yaramır. Yeni bir məntiqə ehtiyac var. Bu genişləndirilmiş qeyri-səlis məntiqdir. O, qeyri səlis həndəsəyə əsaslanır. Təklif olunan yeni qərar qəbuletmə nəzəriyyəsi bu ikinci halı da ehtiva edir.
- Qeyri-səlis həndəsə nədir, onun bildiyimiz həndəsədən fərqi nədir?
- Qeyri-səlis həndəsə Evklid həndəsəsinin genişləndirilmiş formasıdır. Mövcud Evklid həndəsəsinin məlum 5 aksiomu adaptasiya olunur. Bizim verdiyimiz yeni nəzəriyyədə qeyri-səlis nöqtə, qeyri-səlis xətt, qeyri-səlis oxşarlıq və s. yeniləşmiş anlayışlardan istifadə edirik.
- Bunların qərarın qəbul edilməsi ilə nə əlaqəsi var?
- Qərar qəbul edən şəxs (o, prezident də ola bilər, adi menecer də) mühit və onun özü barədə (risklidir, yox, qərar qəbul etdiyi vəziyyəti emosionaldır, yoxsa yox və s.) informasiyanı əlindəki adi qələmlə (ya da kompüterlə işləyirsə elektron qələmlə) hadisələrin, nəticələrin ehtimalını 0-1 şkalasında bir səlis olmayan nöqtə və ya interval kimi, ya başqa bir həndəsi işarə kimi göstərə bilər. Adi rəqəm və ya qeyri-səlis rəqəm soruşsanız o cavab verə bilməz. Bax bu cür informasiya əsasında qeyri-səlis həndəsi fəzada həmin fiqurlardan yaranmış biliklər bazasından istifadə etməklə məntiqi nəticə çıxarmaq olar, qərar almaq olar.
- Önə çəkiləsi ikinci məsələ hansıdır?
- Klassik və neoklassik iqtisadiyyatın əsas zəif yeri onun əsasında rasionallıq hipotezinin dayanmasıdır. Bu nəzəriyyələr belə hesab edirlər ki, bütün iqtisadi agentlər, o cümlədən qərar qəbul edənlər rasionaldırlar və yalnız öz mənafelərini güdəndirlər, istər istehsalçı olsun, istər istehlakçı. Lakin görkəmli iqtisadçılar, Nobel mükafatı laureatları Kahnemanın, Akerlof və b. göstərdilər ki, seçim vaxtı hər bir alternativin faydalığını hesablayarkən qərar qəbul edənin xüsusiyyətlərini nəzərə almaq lazımdır, bu faktorlar nəzərə alınmalıdır. Professor Kahnemanın Prospekt nəzəriyyəsi bu məqsəddən yaranmışdı. Davranış iqtisadiyyatının yaranması ilə əlaqədar olaraq bu işlər daha da intensivləşdi. Kimisi qərar qəbul edənin dürüstlük dərəcəsini , bir başqaları emosionallıq dərəcəsini və insanın başqa motivasiyalarını faydalılıq funksiyasına daxil etməyə çalışır. Bu yol, həmin xüsusiyyətləri (hamısını eyni vaxtda yox) eksternal yoldur, yəni qıraqdan faydalılıq funksiyasına daxil etmək yoludur. Bəs insanın (qərar qəbul edənin) o xüsusiyyətlərinin sinerjisi, qarşılıqlı əlaqəsi, həm də onun bütövlükdə qiymətləndirilməsi.
- Siz insanı modelləşdirmək istəyirsiniz?
- Düz fikirdir. Biz insanı bu və digər baxımdan, məsələn iqtisadi baxımdan, sosial davranış baxımından modelləşdirmək istəyirik. Bu model, məsələn, qərar qəbul edənin risklilik, dürüstlük, emosionallıq, qarşılıqlıq və s. xüsusiyyətləri əsasında onun personal qərar qəbuletmə qabiliyyətini hesablaya bilər. Beləliklə mövcud nəzəriyyələrdən və elmi araşdırmalardan fərqli olaraq biz ilk dəfə ikiqat vəziyyət qərar qəbuletmə nəzəriyyəsini təklif etdik. İkiqat vəziyyət deyəndə seçim üçün faydalılıq funksiyasını qurarkən eyni zamanda həm mühitin vəziyyəti, həm də qərar qəbul edənin vəziyyəti (personal qərar qəbul etmə dərəcəsi) nəzərə alınır.
- Toronto Universitetindəki məruzəniz bu problemlər ilə əlaqədar idi? Necə qarşılandı?
- Düşünürəm ki, fəal qarşılandı. Böyük maraq hiss etdim. Bu həm sualların çoxluğundan, həm də məruzədən sonrakı söhbətlərdən, diskussiyalardan açıq görünürdü. Onu da qeyd edim ki, bu konfransda dünyanın çox seçilib sayılan alimləri iştirak edirdilər. Yaponiyadan Takagi (onun Takagi-Sugeno nəzəriyyəsi dünyanın bir çox universitetlərinin dərs proqramlarına və dərsliklərinə salınmışdır), ABŞ-dan B.Tastle, T.Veylan, V. Kreinovich, W. Lodwick, İtaliyadan L.Leottaum və s. Sualınıza cavab olaraq deyim ki, Kanadadan qayıdandan sonra konfrans iştirakçılarından bir neçə məktub almışam.
Professor W. Lodwick yazır: “Sizin mühazirəyə qulaq asmaqdan məmnun oldum. Bizim ABŞ-dakı beynəlmilləl qrup, Çilidən 3 professor, Macarıstandan olan professor B.Bede, Avstriyadan professor M.Obergugenberger, Braziliyadan R. Bassanezi və İtaliyadan olan L. Stefanni sizin məqalələrinizi çox böyük maraqla oxuyuruq”.
- Növbəti plenar məruzələriniz barədə nə deyə bilərsiniz? Axı siz dediniz ki, əsas məruzələr üçün konfranslara gedə bilirsiniz.
- Növbəti məruzəm 2010-cu ildə Praqada keçiriləcək İCAFS-2010 konfransda olacaq. Onun adı belədir “İkiqat qeyri-müəyyənlik və vəziyyətlər fəzası və qərar qəbuletmə”. Mən keçən il ABŞ-da Sinsinnati Universitetində və bu il Toronto Universitetində yeni qərarlar analizi nəzəriyyəsi barədə məruzələr etmişdim. İCAFS-2010-cı ildə məruzəm qərar qəbuletmə sahəsindədir, lakin bu məruzədə fərqli məqamlara baxılacaq.
Bir neçə ay bundan öncə NATO konfransı təşkilatçıları tərəfindən belə bir dəvət aldım: “Hörmətli professor Əliyev. Sizi NATO-nun keçirdiyi “İntellektual hücumlardan müdafiə” istiqamətində müasir tədqiqatlara həsr olunmuş konfransda plenar məruzəçi kimi çıxış etməyiniz bizə şərəf gətirərdi”. Konfrans 24-26 may 2011-ci ildə Türkiyə, Antaliyada keçiriləcək.Mən məruzəmi konfransın təşkilat komitəsinə göndərdim. İnşallah, çalışacam iştirak edim.
- İkinci dəvət Edmontonun Alberta Universitetindən idi?
- Torontoda konfrans qurtaranda günü mən Edmontona uçdum. Orada məni həmkarım professor W.Pedrycz gözləyirdi. Onu qeyd edim ki, o, dünyada çox tanınmış gərgin işləyən, məhsuldar bir alimdir. Qeyd edim ki, o, Toronto konfransina cəmi 3-4 saatlıq gələ bilmişdi. Plenar məruzəsini oxudu, 1 saatdan sonra yenidən Edmontona qayıtdı (təyyarə ilə Torontodan Edmontona zaman məsafəsi 4.5-5 saatdır, az deyil). O, bir neçə beynəlxalq indeksli jurnalın baş redaktoru, onlarla jurnalın redaksiya şurasının üzvüdür. Alberta universitetinə iki məqsəd üçün dəvət olunmuşdum. Mən orada natamam informasiya şəraitində qərar qəbul etmə üzrə seminar keçirdim. Bu sahədə alınan nəticələrimizlə iştirakçıları tanış etdim. Bu seminarda əsasən ikiqat ehtimallı qeyri-müəyyənlik, bunu ehtiva etmək üçün iyerarxik model və qərar qəbul etmə məsələləri müzakirə olundu.
İkinci məqsədimiz isə birgə apardığımız elmi araşdırmalarımızı təhlil etmək, alınan nəticələri müzakirə etmək və yeni yaradıcılıq və tədqiqat məsələlərinin müəyyən edilməsi idi. Bu yaxınlarda çap olunacaq kitabımız və elmi jurnallarda dərc ediləcək məqalələrimiz üzərində çalışdıq. Bundan əvvəl bir çox beynəlxalq istinad indeksli jurnallarda ümumiləşdirilmiş dayanıqlıq nəzəriyyəsi, məntiqi neyron sistemləri və b. sahələrdə bir çox birgə əsərlərimiz dərc olunub.
- Professor L.Zadə ilə görüşə bildinizmi?
- Əfsuslar olsun ki, bu dəfə görüşə bilmədik. Mən Kanadaya getməmişdən əvvəl mənə dəvət göndərmişdi ki, Kanadaya gedəndə, ya Kanadadan qayıdanda yolüstü (elə belə də yazmışdı) Berkeleydən keçməyim və müxtəlif məsələləri müzakirə etməyimiz yaxşı olardı. Mənim budəfəki planım buna imkan vermədi. Kanadaya vizanı Ankaradan gec aldım, Edmontonda ləngiyəsi oldum. İyul ayının 12-də onun Las-Vegasda beynəlxalq konfransda plenar məruzəsi vardı, bildiyimiz kimi mənim də Torontoda. İnşallah tezliklə onunla görüşərik. Mən Kanadada olarkən o mənə yenə məktub yazdı və yaxın vaxtlarda görüşməyimizi məsləhət bildi.
- Ayrı nə yazmışdı?
- Məktub budur.
- Dərc edə bilərikmi?
- Hamısını yox, sizə lazım olan hissəsini.
- Təşəkkür edirik...
“Əziz Rafiq:
Göndərdiyin elmi hesabat monumental bir işdir. O, qeyri-müəyyənlik çərçivəsində qərar vermə sahəsində indiyədək görülən bütün işləri xeyli üstələyir. Fikrimcə, bu iş əsasında iqtisadiyyat üzrə Nobel mükafatına namizəd olmalısınız.
Qərarn təhlilinə qeyri-səlis həndəsənin (FG-nın) tətbiqi məni heyrətləndirdi. Genişləndirilimiş qeyri-səlis məntiq haqqında işimdən xeyli irəli getdin. Təqdim etdiyin əsas konsepsiyaların misallarını da çəkməlisən. Bu elmi hesabatın həm üçüncü, həm də ikinci hissəsinə aiddir. Başa düşməkdə qəliz olarsa ideyalarının gücü itirilmiş olacaqdır.
NAFİPS-də mühazirən necə keçdi? İştirakınla razı oldunmu? İstərdim ki, NAFİPS-dən sonra Berkeleyə gələ biləsən ki, hesabatı daha təfərrüatı ilə müzakirə edə bilək.
Bir çox sualım var, amma onları sonrakı məktublarımda yazacağam.
Ən dərin hörmətimlə,
Lütfi”
- Siz belə bir təklifi və dəstəyi gözləyirdinizmi?
- Düzü, mən indi professor L.Zadənin bu təşəbbüsdə bulunacağını gözləmirdim. Mən Kanadadan gələndən sonrada telefon danışığımızda o, israrla bu təklifi dəstəklədiyini bildirdi. Hətta bir neçə dəfə bizim bu işlərimizi mükafata layiq görülmüş işlərlə müqayisə etdi. Digər tərəfdən gözlənilən idi. Çünki Corciya Dövlət Universitetinin, onun və mənim belə bir hədəfimiz bir neçə il qabaq formalaşıb.
- Bu təklifdən Azərbaycandakı dostlarınız, həmkarlarınız, Azərbaycan alimləri sevinəcəkmi, qürur hissi duyacaqmı?
- Birinci, hələ hədəfə çatmaq lazımdır. İkincisi bu məni az maraqlandırır. Bircə onu deyə bilərəm ki, əlbəttə, dostlarım, tələbələrim üçün bu bir qürur yeridir.
- Rafiq müəllim, L.Zadənin təbiri ilə desək belə “monumental bir iş”in yerinə yetirilməsində ölkəmizdə sizə maddi, mənəvi və b. dəstəklər oldumu?
- Maddi dəstəkdən heç söhbət gedə bilməz. Mən belə dəstəyi ancaq Berkeley və Corciya Dövlət Universitetindən, bir də Siegen Universitetindən görmüşəm. Bizim iş adamları 1-2 havaya milyonlar xərclədiyi halda elmə manatlar belə xərcləməz. Indi mən Torontoda olanda NAFİPS-2010 universitetinin yeni modern bir mühəndislik və kompütinq mərkəzində keçirilirdi. Bu nəhəng mərkəzi George Vari adlı bir iş adamı universitet üçün tikmişdir. Professor L.Zadə, W.Pedrycz və başqa həmkarlarımız bizim kiçik tədqiqat qrupumuzu çox yüksək, dünya səviyyəli tədqiqat qrupu kimi qiymətləndirirlər. Maddi təminat ucbatından bu qrupun üzvlərinin hərəsi əlavə bir yerdə işləməli olurlar. O ki, qaldı mənəvi dəstəyə mən xalqımdan, ictimaiyyətdən, jurnalistlərdən lazımi mənəvi dəstəyə görə dünya qədər razıyam və ömrüm boyu minnətdaram.
- İndi hansı elmi problemin üstündə işləyirsiniz?
- Klassik və müasir qərar qəbuletmə nəzəriyyəsi əsasən faydalılıq funksiyası konsepsiyasına söykənir. Bu o deməkdir ki, qərar qəbul edən şəxs alternativləri müqayisə edib birinə o birisinə nisbətən üstünlük verməsi üçün hər bir alternativi (o həmişə çox meyarlı olur) müəyyən bir şkalada bir sadə ədədə (ya adi, ya da qeyri-səlis) çevirir və o ədədləri müqayisə edir. Von Neumanndan indiyə kimi qərarlar analizi elmi belə inkişaf edib. Ancaq hər bir alternativ o qədər mürəkkəbdir ki, onu ancaq vektor şəklində, çoxkomponentli bir şəkildə təsəvvür etmək lazımdır. Belə olan halda biz ümumiyyətlə uzun müddət elmdə oturuşmuş faydalılıq funksiyasından imtina edirik, insan təfəkkürünə daha adekvat olan alternativlərin özlərinin vektor şəkilli müqayisəsi əsasında seçim aparırıq. Burada əsas özək qeyri-səlis optimallıq konsepsiyası olacaq.
Lütfü Zadə Rafiq Əliyevin Nobel mükafatı nominasiyasını dəstəklədi - MÜSAHİBƏ
2573