Litva Jurnalistlər İttifaqının vitse-prezidenti Bakıda səfərdədir
26 avqust 2016 18:35 (UTC +04:00)

Litva Jurnalistlər İttifaqının vitse-prezidenti Bakıda səfərdədir

Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəstəyi ilə Azərbaycana səfər edən Litva Respublikası Jurnalistlər İttifaqının vitse-prezidenti,“Alkas.lt” internet portalının redaktoru - Audris Antanaytisin və həmin media orqanının fotoqrafı Arunas Sartanaviçüçün Bakıdakı görüşləri başlayıb.

 

BAMF-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, onlar ilk olaraq Xarici İşlər Nazirliyində nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevlə görüşüblər.

 

 

H.Hacıyev görüşdə bildirib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü, işğalı və müharibə 20 ildən artıq bir dövrdə davam edir: “Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz olaraq, Ermənistanın işğalçı qüvvələri mövcuddur. Bununla bağlı atəşkəsin pozulma halları davam edir. Ermənistan, eyni zamanda Azərbaycanın işğal olunmuş ərazilərində etnik təmizləmə törədib və bunun nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb”.

 

XİN-nin rəsmisi məlumat verib ki, Ermənistanın son illər nümayiş etdirdiyi qeyri-konstruktiv əməllərinin əsl məqsədi münaqişənin əsasını təşkil edən işğal və təcavüzdən yayınmaq və münaqişənin həllinə imkan verməməkdən ibarətdir:  "Atəşkəs rejimi əslində nisbi xarakter daşıyır. Atəşkəs münaqişənin nəticələrinin, işğal və təcavüzün aradan qaldırılması və münaqişənin həlli üçün əlverişli imkan və mühit yarada bilərdi. Əgər kimlərsə nə vaxtsa “bu münaqişənin dondurulmuş olduğunu” iddia edirdilərsə, onlar yanılırlar. Ermənistan öz qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxardıqdan sonra münaqişənin həlli tezliklə mümkün ola bilər".

 

Görüşdə iştirak edən BAMF sədri Umud Mirzəyev isə 1988-1989 - ci illərdə Azərbaycanlıların Ermənistandakı öz doğma yurdlarından çıxmağa məcbur edilməsi, deportasiyası haqqında informasiyaları, faktları qonaqların diqqətinə çatdırıb.

 

Daha sonra Litvalı jurnalistlər Litvanın Azərbaycandakı səfirliyində də olublar.  

 

 

Qeyd edək ki, Litvalı jurnalistlər Azərbaycanda olduqları hər gün hazırladıqları reportajları “Alkas.lt” internet portalında yerləşdirəcəklər. Onların səfər çərçivəsində Azərbaycanın ictimai xadimləri, rəsmi qurumları , qaçqın və məcburi köçkünlərlə görüş keçirəcəkləri, o cümlədən Qubaya,Füzuli və Tərtər rayonlarını ziyarət etməsi nəzərdə tutulur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 264
avatar

Oxşar yazılar