Heydər Əliyev Fondundan Lent.az-a verilən məlumata görə, Fondun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak edib. Heydər Əliyev Mərkəzinin direktoru, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov bir il ərzində layihə üzərində çalışanlara, o cümlədən Mərkəzin əməkdaşlarına, xarici muzeylərin təmsilçilərinə minnətdarlığını bildirib.
Fransanın Milli Avtomobil Muzeyinin direktor müavini Rişar Keller təmsil etdiyi muzeyin kolleksiyası barədə məlumat verib. Bildirib ki, bu kolleksiyanın əsasını Şlumpf qardaşlarına məxsus kolleksiya təşkil edir. Həmin kolleksiyaya müxtəlif illərdə istehsal olunan avtomobillər daxildir.
Beynəlxalq sərgi kuratoru Horst Kampan bu sərgidə nümayiş olunan kolleksiyanın nadirliyini qeyd edib. Qonaq ölkəmizin zəngin tarixə malik olduğunu söyləyib, Azərbaycanın neft sənayesi ilə fərqləndiyini bildirib və qeyd edib ki, məhz bu sahənin inkişafı dünyada avtomobil sənayesinin inkişafına töhfəsini verib. Sonra klassik avtomobil sərgisinin açılış mərasimi olub.
Sərgi ərəfəsində Azərbaycan Avtomobil Federasiyasının avtomobil tarixi haqqında “Tarixə dörd çarxla” kitabı nəşr olunub. Nəşrdə müxtəlif ölkələrdə ayrı-ayrı illərdə istehsal olunan avtomobillər barədə məlumatlar, fotolar təqdim edilir. Sərgi həftənin cümə, şənbə və bazar günləri ziyarətçilərin üzünə açıq olacaq.