Cari ilin may ayında Lənkəranda “Çay bayramı” keçiriləcək.APA-nın Cənub bürosunun xəbərinə görə, bu barədə fevralın 27-də Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısı yanında keçirilən növbəti Şura iclasında bildirilib. İclasda “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Lənkəran rayonunun qazlaşdırılması və rayonunun su-kanalizasiya sistemində yenidənqurma işlərinin aparılmasının vəziyyəti, cari təsərrüfat ilində kənd təsərrüfatı işlərinin gedişi müzakirə olunub. Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov hər iki məsələyə münasibətini bildirərək, rayonun qazlaşdırılması və su-kanalizasiya sistemində yenidənqurma işlərinin aparılmasını sürətləndirmək məqsədilə tövsiyələrini verib, görülən işlərin keyfiyyətlə yerinə yetirilməsi istiqamətində müvafiq qurumların, aidiyyatı strukturların rəhbərlərini məsuliyyətli olmağa çağırıb.
T. Qaraşov çıxışında həmçinin rayonların kənd təsərrüfatının ixtisaslaşdırılması məsələsinin ölkə başçısı tərəfindən Kənd Təsərrüfatı Nazirliyinə mühüm vəzifə kimi tapşırıldığını da xüsusi qeyd edib: ”Hər rayonun ənənəvi sahələri var və biz də aqrar sahəni bu istiqamətdə qurmalı və inkişaf etdirməliyik. Lənkəran subtropik zona olduğundan daha yüksək sortlu sitrus meyvələri yetişdirməli, çayçılığın sürətli inkişafına nail olmalıyıq”.
İcra başçısı cari ilin may ayında rayonda “Çay bayramı”nın yüksək səviyyədə keçirilməsinin zəruriliyini vurğulayaraq, qarşıdan gələn Novruz bayramı ilə əlaqədar müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.