Müasir dövrdə enerji ehtiyatları dünya dövlətlərinin gücünü xarakterizə edən mühüm amillərdən biri hesab olunur. Çünki getdikcə yer üzündə tükənən bu ehtiyatlara daha uzun müddət sahiblik etmək dövlətlərin digərlərinə təsir gücünü də artırır və onları qlobal anlamda söz sahibi edir. Bu baxımdan enerji ehtiyatları ilə zəngin Xəzər dənizi hövzəsi ətrafında uzun illərdən bəri mövcud olan fikir ayrılıqları dünya dövlətlərinin diqqətini özünə yönəltmişdir.
Problemin tarixi köklərini araşdırsaq, görərik ki, bu ilk dəfə I Pyotrun “fars yürüşü” zamanı (1722-1723-cü illər) meydana çıxmışdır. Belə ki, Xəzəryanı ərazilərin bölüşdürülməsi ilə bağlı ilk dövlətlərarası sənəd də Rusiya ilə İran arasında bu yürüşdən sonra Sankt-Peterburqda imzalanmışdır. Bundan sonra isə Rəşt (1729-cu il), Gülüstan (1813-cü il) və Türkmənçay (1828-ci il) müqavilələri nəticəsində Xəzər dənizinin tamamilə Rusiyanın tabeliyinə keçməsi Xəzərə Rusiyanın daxili dənizi kimi baxılmasına səbəb olmuşdu.
Lakin daha sonra vəziyyət bir qədər dəyişdi. Belə ki, 26 fevral 1921-ci ildə Rusiya ilə İran, 25 mart 1940-cı ildə SSRİ ilə İran arasında Xəzərlə bağlı bağlanan beşinci və altıncı müqavilələrdən sonra Xəzər “Rusiya daxili dənizi” olmaqdan çıxaraq “Sovet-İran daxili dənizi” statusu qazandı. Həmin müqavilələrə uyğun olaraq Xəzər dənizində yalnız Rusiya və İran gəmi saxlaya, sərbəst üzə və sahildən 10 dəniz mili məsafəsində hər ölkə sərbəst balıqçılıqla məşğul ola bilərdilər. 1940-cı il müqaviləsinə görə SSRİ-nin Xəzərdəki payı 86%, İranınkı isə 14% müəyyənləşmişdi.
1954, 1956 və 1957-ci illərdə iki ölkə arasında həyata keçirilmiş sərhəd demarkasiyası zamanı da yuxarıda göstərilən bölgü əsas götürülmüşdür. İranın Xəzər sərhədlərinin başlanğıcı Azərbaycanın Astara – Türkmənistanın Həsənqulu yaşayış məntəqələrindən – dənizin orta xəttinə qədər, düz xətt üzrə müəyyən edilmişdir. SSRİ isə öz daxili qaydalarına əsasən ( eyni orta xətt prinsipi üzrə) Xəzər dənizinin ona aid olan 86%-lik ərazisini milli təsərrüfat işləri aparmaq və s. məqsədlərlə 1970-ci ildə dörd xəzərətrafı respublika arasında – Rusiya (19%), Qazaxıstan (29%), Azərbaycan (21%) və Türkmənistan (16%) olmaqla milli sektorlara bölmüş, hər bir müttəfiq respublikanın dəniz ərazilərini (sektorlarını) müəyyən etmişdir.
Məlum olduğu kimi, Sovet İttifaqının dağılması nəticəsində yeni müstəqil dövlətlərin meydana gəlməsi özü ilə bərabər Xəzərin hüquqi statusu problemini də bir daha gündəmə gətirdi. Təxminən 2 əsrdən çox bir müddətdə Rusiya və İran arasında siyasi-iqtisadi maraq zonası hesab olunan Xəzər dənizi bu mərhələdən sonra artıq 5 dövlətin – Rusiya, İran, Azərbaycan, Türkmənistan və Qazaxıstanın maraq zonasına çevrildi. Problemin bu günə qədər davam etməsi isə onun artıq yeni dünya nizamı çərçivəsində regional əhəmiyyətdən çıxaraq qlobal əhəmiyyət kəsb etməsi ilə nəticələnmişdir.
XƏLILOVA LƏMAN
“AZERBAIJAN REALITIES”