Komitə “Risaleyi Nur” kitabı ilə bağlı sorğunu cavablandırmaq istəmədi
15 aprel 2014 16:42 (UTC +04:00)

Komitə “Risaleyi Nur” kitabı ilə bağlı sorğunu cavablandırmaq istəmədi

Azərbaycan Daxili İşlər Nazirliyinin Göyçay rayon şöbəsi tərəfindən “nurçular”la bağlı keçirdiyi növbəti əməliyyatda aşkar olunmuş dini ədəbiyyatların Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən hərtərəfli ekspertizası keçiriləcək.


 

Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yalnız bu ekspertizadan sonra o ədəbiyyatların qadağan olunub-olunmaması barədə rəy veriləcək.

 

Bildirilir ki, əməliyyat zamanı aşkar olunmuş kitablar hərtərəfli araşdırılacaq, müvafiq rəy veriləcək.

 

Əməliyyat zamanı qadağan olunmuş dini ədəbiyyat kimi aşkar olunan “Risaleyi Nur” kitabının nə vaxtdan qadağan olunması barədə suala isə komitənin mətbuat xidməti cavab verməkdən imtina edib.

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyev isə APA-ya açıqlamasında bildirib ki, aparılan əməliyyatlarda “nurçular”ın qadağan olunmuş dini ədəbiyyat kimi götürülən “Risaleyi Nur" kitabı bu təriqətin əsas ədəbiyyatıdır və onun komitə sədri olduğu dövrdə - 2006-cı ilə qədər Azərbaycanda qadağan edilmiş ədəbiyyat hesab olunmayıb: “Komitədə qadağan olunmuş kitabların siyahısında yox idi. Məndən sonrakı dövrlərdə də müşahidələrim qədər onun qadağan olunmasını eşitməmişəm. Hazırkı vəziyyətə görə bu kitabın qadağan olunub-olmamasını dəqiq deyə bilmərəm. Çünki bu yaxınlarda qəbul olunmuş qaydaya görə bir çox ədəbiyyat qadağan olunub. Ümumiyyətlə, bu kitab Səid Nursinin öz davamçılarına qoyub getdiyi elə bir kitabdır ki, bu gün “nurçular” onu konstitusiya kimi qəbul edirlər. Bu, onların proqramıdır”.

 

Qeyd edək ki, aprelin 11-də “Nurçu” dini təriqətinin üzvləri - Göyçay rayon sakinləri Şahin Həsənovun, İlham Həmidovun, Qəbələ rayon sakini Zəkəriyyə Məmmədovun dəvətləri əsasında Türkiyə vətəndaşları “Fırıncı abi” ləqəbli Gülec Mehmet Nuri, Koçoğlu Himmet Uyar Qadir, Uyar Mustafa Kemal, Karagözoğlu Nureddin, Ömer Güzəddəmirçi, həmçinin Bakı şəhər sakinləri Fəxrəddin Xanlayev, Yusif Dadaşov Z.Məmmədova məxsus Göyçay şəhəri Bakı küçəsindəki evdə Qəbələ, İsmayıllı, Ağdaş, Zaqatala və Ucar rayon sakinlərindən ibarət 60-70 nəfərlə toplantı keçiriblər. Göyçay RPŞ əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində Z. Məmmədovun evinə baxış zamanı “Nurçu” dini təriqətinə aid yayılması qadağan olunmuş 545 ədəd “Risaleyi Nur" kitabı, broşuralar, 61 ədəd disk, 1 ədəd silah üçün optik nişangah, 1 ədəd suvenir xəncər, 1 ədəd avtomat patronunun başlığı, 1 ədəd yaddaş kartı, 2 ədəd mobil telefon yaddaş kartı, 27 ədəd tir hədəfi, 1 dəst hərbi geyim və 1 ədəd dünyanın fiziki xəritəsi aşkar edilərək götürülüb. Aprelin 14-də İ. Həmidovun evinə baxış zamanı “Nurçu” dini təriqətinə aid yayılması qadağan olunmuş 20 ədəd “Risaleyi Nur" kitabı aşkar edilərək götürülüb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 833
avatar

Oxşar yazılar