Kanadanın Vaterloo Universitetinin bir qrup professoru və universitetə qəbul üzrə məsul şəxsləri 11-15 fevral tarixlərində Azərbaycanda səfərdə olacaqlar.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, səfər çərçivəsində Bakının bir neçə orta məktəblərində riyaziyyat fənni üzrə seminarlar təşkil ediləcək, şagirdlərə riyaziyyat və kompüter elmləri sahəsində uğurlu karyera haqqında məlumatlar veriləcək, riyaziyyatın müxtəlif sahələrində mövcud olan maraqlı problemlər və onların həlli barəsində danışılacaq.
Vaterloo Universitetinin Riyaziyyat və Kompüter Elmləri Fakültəsinə sənəd vermək istəyən abituriyentlər üçün Bakı Təhsil İnformasiya Mərkəzində xüsusi görüşlər təşkil ediləcək və abituriyentlərə Vaterloo Universitetinin Riyaziyyat Fakültəsinin İngilis dili testi təqdim ediləcək. Testi müvəffəqiyyətlə keçən və qəbul üçün tələb olunan başqa sənədləri (orta məktəb qiymətləri) təqdim edən abituriyentlərə Kanada Vaterloo Universitetinə qəbul haqqında sənəd veriləcəkdir. Daha geniş məlumat almaq üçün [email protected] e-mail ünvanına müraciət etmək olar.
Qeyd edək ki, hazırda Vaterloo Universitetində Azərbaycandan 35 tələbə Xaricdə Təhsil üzrə Dövlət Proqramı xətti ilə müvəffəqiyyətlə təhsilini davam etdirir.