“MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Ağsu arxeoloji ekspedisiyası və “Heritage Travel” Turizm Şirkəti KİV nümayəndələri və turizm şirkətlərinin təmsilçiləri üçün Ağsu şəhərinə növbəti ənənəvi infotur təşkil edib. Lent.az-ın məlumatına görə, məqsəd Orta əsr Ağsu şəhərində aparılmış konservasiya və bərpa işlərinin son durumu, arxeoloji turizmin inkişaf perspektivləri, orta əsr Ağsu şəhəri və 2013-cü ildə rayonun Bəyimli kəndi ərazisindəki Torpaqqala-Mehrəvan abidəsində aparılan arxeoloji kəşfiyyat işlərinin nəticələri barədə geniş ictimaiyyəti məlumatlandırmaqdır.
İnfotur iştirakçıları orta əsr Ağsu şəhəri ərazisindəki III, IV və V qazıntı sahələrində konservasiya və bərpa işlərinin yekunları, habelə VII sahədə anbar-buzxanada aparılan konservasiya və bərpa işlərinin gedişi ilə tanış olublar. Professor Qafar Cəbiyev, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli görülən işlər haqqında məlumat veriblər. AMEA-nın müxbir üzvü, təcrübəli arxeoloq Vəli Əliyev çıxış edərək Ağsuda görülən işləri yüksək qiymətləndirib.
İnfotur iştirakçıları daha sonra XV-XVI əsrlərə aid Növcü Daş Qoç Qəbirləri Xatirə Abidəsinə yollanıb, orada “MİRAS” İctimai Birliyinin təşəbbüsü ilə görülmüş konservasiya və abadlıq işləri ilə tanış olublar.
Ekspedisiyanın rəisi, professor Q. Cəbiyev Mehrəvan şəhərinin tarixi və axtarış zamanı aşkar edilmiş maddi-mədəniyyət nümunələri haqqında məlumat verib.