İyunun 10-da ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydalarına əsasən qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün Azərbaycan dili fənnindən test imtahanı keçiriləcək. Bu barədə Lent.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Məlumata görə ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün Azərbaycan dili imtahanı Bakı və Naxçıvan şəhərlərində, ümumilikdə 4 imtahan mərkəzində aparılacaq.
İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanır.
Qeyd edək ki, abituriyentlərə imtahanda 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.
Ali təhsil müəssisələri və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üzrə keçirilən Azərbaycan dili imtahanı ilə ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üzrə keçirilən Azərbaycan dili imtahanı məzmun baxımından bir-birindən fərqlənir.
İmtahanda iştirakı nəzərdə tutulan (9 illik və 11 illik təhsil bazasında ) 1359 (264+1095) abituriyentdən 691(99+592) nəfəri oğlan, 668 (165+503) nəfəri qızdır. 976 (238+738) abituriyent orta ümumtəhsil müəssisələrinin builki məzunu, 383 (26+357) nəfər isə əvvəlki illərin məzunlarıdır.
Ümumilikdə, Bakıda 1354 , Naxçıvanda 5 abituriyentin imtahan verməsi nəzərdə tutulub.
İmtahanın idarə olunması üçün 10 imtahan rəhbəri, 108 nəzarətçi-müəllim ayrılıb.