Dövlət İmtahan Mərkəzi martın 5-də Bakı və Sumqayıt şəhərlərinin, Abşeron, Xızı, Qobustan rayonlarının ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanının I mərhələsinin nəticələrini elan edib.
Lent.az-ın məlumatına görə, imtahanda iştirak etmiş şagirdlər (39795 nəfər) DİM-in internet saytındahttps://eservices.dim.gov.az/netorta/default.aspx keçidinə daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər.
Beləliklə, şagird öz yazı işi, hər bir tapşırıq üzrə topladığı bal və qiymətləndirmə meyarı ilə tanış olmaq imkanına malikdir.
Şagirdlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Yaxın günlərdə martın 12-də, 18-də və aprelin 16-da keçirilmiş imtahanların nəticələri də mərhələli şəkildə açıqlanacaq.
İmtahanların nəticələri ilə bağlı 5 – 9 iyun saat 9:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində Apelyasiya Komissiyası fəaliyyət göstərəcək. Apelyasiya Komissiyasına müraciət etmək istəyənlər 30 maydan başlayaraq şəxsiyyət vəsiqələrini və ərizələrini təqdim etməklə qeydiyyatdan keçə bilərlər. Apelyasiya Komissiyası Dövlət İmtahan Mərkəzinin Abdulvahab Salamzadə küçəsi 28 ünvanında yerləşən inzibati binasında fəaliyyət göstərəcək.
Məlumat üçün bildirək ki, DİM-də inşaların (esselərin) yoxlanılması prosesi davam edir və buraxılış imtahanlarının ikinci mərhələsi keçirilənədək inşalara (esselərə) verilən qiymətlər də elan olunacaq.