Yanvarın 30-da İtaliyanın aparıcı tədqiqat qurumu olan Beynəlxalq Münasibətlər İnstitutu (BMİ) Romanın məşhur Palazzo Rondinini sarayında “Azərbaycan çoxqütblü dünyada” (“Azerbaijan in a Multipolar World”) adlı konfrans keçirilib.
Azərbaycanın İtaliyadakı səfirliyindən Lent.az-ya verilən məlumata görə, tədbiri BMİ-nin prezidenti professor Stefano Silvestri açdıqdan sonra üç paneldə Azərbaycan Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva, “The Caucasus İnternational” jurnalının baş redaktoru Zaur Şiriyev, NATO Beynəlxalq Azərbaycan Məktəbinin icraçı direktoru Hüseyn Pənahov, Beynəlxalq Böhran Qrupunun Avropa proqramı üzrə direktoru Sabina Freyzer, ABŞ “Carnegie Endowment” Rusiya və Avrasiya proqramı üzrə baş elmi işçi Tomas de Vaal, Türkiyə İqtisadi Siyasət Araşdırma Fondunun tədqiqatçısı Burcu Gültekin Punsman, BMİ-nin tədqiqatçısı Nikolo Sartori, Norveç Sülh Tədqiqatları İnstitutunun tədqiqatçısı professor Pavel Bayev və ABŞ “The Heritage Foundation”ın baş elmi işçisi Ariel Koen çıxış ediblər.
Konfrans zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın daxili və xarici siyasəti, regional təhlükəsizlik məsələləri, ölkəmizin müstəqillik əldə etdiyi illər ərzində demokratikləşmə və əsas insan hüquq və azadlıqların təmini sahəsində görülmüş işlər, əldə olunmuş nailiyyətlər, mövcud problemlər barədə məlumat verilib və onların aradan qaldırılması imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.
Tədbir zamanı auditoriyanın çoxsaylı sualları cavablandırılıb və mövzu ilə əlaqədar geniş müzakirələr aparılıb. Tədbirdə İtaliyanın akademik, dövlət və işgüzar dairələrin, mətbuat orqanlarının və Romadakı diplomatik korpusun nümayəndələri iştirak edib.
Qeyd edək ki, bu konfrans 2011-2012-ci illər ərzində BMİ tərəfindən Azərbaycan və Cənubi Qafqaz regionu ilə bağlı müxtəlif mövzular üzrə təşkil edilmiş beş konfransın yekunu olub.