Son dövrdə cəmiyyətimizdə irəli sürülən əsas məsələlərdən biri də savadlı gənclərin elmlə deyil daha çox mənfəət əldə edə biləcəkləri biznes sahələri ilə məşğul olmalarıdır. Elmlə məşğul olanların arasında gənclərin sayının azalması probleminə AMEA prezidenti, akademik Akif Əlizadə də öz nitqində toxunmuş və bu istiqamətdə praqmatik addımların atılmasının vacibliyini qabartmışdır. Sözsüz ki, bugün Azərbaycanın savadlı gəncləri var və onlar istər Azərbaycanda istərsə də dünyanın müxtəlif ölkələrində təhsil almışlar. Lakin belə gənclər öz təhsillərini bitirdikdən sonra qarşılarında duran əsas məsələ sosial rifahın yüksəldilməsi məsələsidir və bu səbəbdən böyük əksəriyyət daha çox biznes və bu kimi mənfəətli sahələri seçərək öz biliklərindən o sahədə istifadə edib böyük uğurlara nail olurlar. Akademik Akif Əlizadənin də qeyd etdiyi kimi müxtəlif elmi seminarlara, simpoziumlara getdikdə digər ölkələrdən gənc alimləri gördüyü halda Azərbaycandan gedən alimlər daha çox orta yaş həddindədirlər. Bu səbəbdən ölkədə gənclərin maraqlarını daha çox elmə yönəltmək qarşıya qoyulan əsas məqsədlərdəndir. Şübhəsiz ki, bu istiqamətlərdə görüləcək addımlarda dövlətin dəstəyi birmənalı olaraq ölkədə gənc alimlərin sayının artırılmasına yönələcəkdir. Dövlətdə gənc alimlərin sayının çoxluq təşkil etməsi onların dövlət və millət naminə görəcəkləri işlər və həyata keçirə biləcəyi layihələr sözsüz ki dövlətimizin tək iqtisadi deyil eyni zamanda elmi potensialının gücləndirilməsin də əhəmiyyətli rol oynamış olacaqdır. Dövlətimizin də həyata keçirdiyi məs neft kapitalının insan kapitalına keçirilməsi yönündə gördüyü işlər bugün məs gənclərimiz üçün dövlət tərəfindən yandırılmış yaşıl işıq anlamına gəlməkdədir.
Hümbətov Tural
Şərqi Avropada Təhsil Alan Azərbaycanlı Tələbələr və Məzunlar İ.B., baş katib