Sentyabrın 4-də İsmayıllı Rayon Baytarlıq İdarəsinin və İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən İsmayıllı şəhəri, Cavanşir küçəsi 47-də yaşayan, 1978-ci il təvəllüdlü Ziriyev Vüqar Təşkilat oğlu tərəfindən İsmayıllı rayonunun Qarabağ qəsəbəsi yaxınlığında yerləşən köhnə quşçuluq fermasında aşkar edilmiş çəkisi 300 kq miqdarında olan kəsilmiş 3 baş at cəmdəyinin laboratoriya müayinələrinin nəticələri açıqlanıb.
DBNX-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, aparılan müayinələrin nəticəsinə əsasən, at cəmdəklərin bakterioloji çirklənməyə məruz qalması (BÇQB, stafilakokkos aureus), keyfiyyətsiz olması və baytarlıq-sanitariya tələblərinə cavab verməməsi müəyyən edilib.
Laboratoriya müayinələrinin nəticələri nəzərə alınaraq at cəmdəklərinin zərərsizləşdirilməsinə qərar verilib. Qərara uyğun olaraq sentyabrın 9-da at cəmdəkləri baytarlıq mütəxəssislərinin nəzarəti altında İsmayıllı rayonu ərazisində olan məişət tullantıları poliqonunda KİV və digər aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilərək basdırılib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar müvafiq tədbirlər davam etdiriləcək, belə qanuna zidd fəaliyyətlə məşğul olan, baytarlıq-sanitariya qaydalarına riayət etməyən fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcək.