İslam Oyunları və “Formula-1"də təhlükəsizliyin təmini müzakirə edilib
10 mart 2017 18:20 (UTC +04:00)

İslam Oyunları və “Formula-1"də təhlükəsizliyin təmini müzakirə edilib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılmasında qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda dəyirmi masa keçirilib.

 

APA-nın məlumatına görə, tədbirdə IV İslam Həmrəylik Oyunları və “Formula-1 Azərbaycan Qran-Pri” yarışları zamanı təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi məsələləri müzakirə edilib.

 

Toplantıda FHN Aparatı və qurumlarının nümayəndələri, Bakı şəhəri İcra Hakimiyyətinin təmsilçisi, paytaxtın bütün rayonlarının İcra Hakimiyyəti başçılarının 1-ci müavinləri - Fövqəladə Hallar üzrə Komissiya sədrləri, Bakı şəhər Baş Polis, Təhsil və Səhiyyə idarələri, “Azəravtoyol”, “Azərsu”, “Azərişıq” və “Təmiz Şəhər” ASC-lərinin, “Azəriqaz” və “Bakı Lift-Təmir” İB-lərinin, eləcə də Bakı-2017 İslam Həmrəylik Oyunları Əməliyyat Komitəsinin və “Formula 1 Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin rəsmiləri iştirak ediblər.

 

Tədbirdə çıxış edən Bakı Regional Mərkəzinin rəis müavini Elxan Cəbiyev fövqəladə halların qarşısının alınması, xüsusən də nəticələrinin aradan qaldırılması zamanı itkilərin və dəyən ziyanın minimuma endirilməsində birgə fəaliyyətin müstəsna əhəmiyyətini vurğulanıb. İslam Həmrəylik Oyunları Əməliyyat Komitəsinin Təhlükəsizlik və Akreditasiya Departamentinin nümayəndəsi Şəhriyar Cəfərli çıxış edərək Bakı şəhərində 2017-ci il 12-22 may tarixlərində keçiriləcək İslam Həmrəylik Oyunlarının təşkili, oyunlar zamanı həyata keçiriləcək təhlükəsizlik tədbirləri barədə ətraflı məlumat verib. “Formula-1” yarışları “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin koordinatoru Aygül Ağayeva təqdimatla çıxış etmiş, 2017-ci il 23-25 iyun tarixlərində reallaşdırılacaq Formula-1 yarışlarının Bakı mərhələsinin təşkilində həyata keçiriləcək təhlükəsizlik tədbirləri barədə məlumat verib.

 

Mərkəzin Operativ reaksiyavermə və əməliyyat - planlaşdırma idarəsinin rəisi, polkovnik Vaqif Teymurov “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılmasında qarşılıqlı fəaliyyətin təşkilinin əsas istiqamətləri” mövzusunda çıxış edib.

 

Daha sonra paytaxt rayonlarının İcra Hakimiyyəti başçılarının 1-ci müavinləri 2016-cı il ərzində fövqəladə halların nəticələrinin aradan qaldırılması istiqamətində görülmüş işlərlə və mövcud problemlərlə bağlı çıxışlar ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 173
avatar

APA Baycan

Oxşar yazılar