Ötən gün ölkə ərazisində elektirik enerjisinin kəsilməsinin bir sıra tibb müəssisələrində problem yaratması ilə bağlı müəyyən saytlarda, sosial şəbəkələrdə məlumatlar yayılıb. Lent.az xəbər verir ki, belə məlumatlardan biri də 1 saylı Kliniki Tibbi Mərkəzlə bağlı olub.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova yayılan xəbərlərə münasibət bildirib: “Vətəndaşların diqqətinə çatdırırıq ki, 1 saylı Kliniki Tibbi Mərkəzdə elektrik enerjisinin paylanmasında hər hansı bir problem olmayıb. Reanimasyon xəstənin yaxınları kənarda işıqsız ola bilər. Onun narahatlığı da təbii və anlaşılandır. Bir daha qeyd edirik ki, reanimasiyada və avadanlıqların elektrik təchizatında heç bir problem olmayıb”.
S.Əhmədova qeyd edib ki, kənarda lampa işığının olmaması müəssisə daxilində generatorların yüklənməsinin qarşısını almaq üçün, həmin vaxtda müalicə alan yüzlərlə vətəndaş üçün, həmin saatlarda dünyaya övlad gətirən qadınlar üçün, süni nəfəs aparatına bağlı olan xəstələrin həyatı üçün tətbiq edilib.