Mayın 8-də keçirilən özəlləşdirmə hərracında 1 səhmdar cəmiyyəti, 2 kiçik dövlət müəssisəsi, 6 qeyri-yaşayış sahəsi və 1 avtomobil satılıb.
Bu barədə Lent.az-a Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilib.
Məlumata əsasən hərracda satılan qeyri-yaşayış sahələrinin 4-ü Bakıda (Xətai, Nərimanov, Nizami və Nəsimi), digərləri isə Sumqayıt və Zərdabda yerləşir. Nizami rayonunda sahəsi 90 kv.m olan əmlakdan həm ofis, həm də xidmət obyekti kimi, Sumqayıtdakı 25 kv.m-lik daşınmaz əmlakdan isə gəlirli xidmət obyekti kimi istifadə etmək olar.
Hərracda «Xətai Ticarət-108» ASC-nin səhmlərinin 30%-i, eləcə də Nazirlər Kabineti Aparatının İşlər İdarəsinin balansındakı “BMW 730” avtomobili də sahibini tapıb.
Hərracda satılan sərfəli əmlaklardan biri Neftçala rayonunda olan Balasurra kənd klubudur. Klubun ümumi sahəsi 120 kv.m-ə yaxın, torpaq sahəsi isə 400 kv.m-dən çoxdur. Digər özəlləşdirilən dövlət müəssisəsi Cəlilabad rayonunda yerləşən Komanlı Mədəniyyət evidir. Sahəsi 158 kvadratmetr, yerləşdiyi torpaq sahəsi isə 1500 kv.m-ə yaxın olan obyektdə ictimai iaşə xidmətləri göstərilə bilər.
Keçirilən hərracların nəticələri ilə komitənin rəsmi saytında (emdk.gov.az) və privatization.az portalında tanış olmaq mümkündür.
Növbəti özəlləşdirmə hərracı isə mayın 15-də keçiriləcək. Hərraca 116 dövlət əmlakı çıxarılıb. Bunlardan 18-i səhmdar cəmiyyəti, 38-i kiçik dövlət müəssisəsi, 50-si qeyri-yaşayış sahəsi, 10-u isə avtomobildir.
Qeyd edək ki, özəlləşdirmə hərracına qatılmaq olduqca sadədir.
Bunun üçün özəlləşdirmə portalı üzərindən əmlakı seçib sifariş vermək kifayət edir. Portalda hər bir əmlak haqqında məlumat, onun xəritədəki yeri və mövcud vəziyyəti barədə fotoşəkillər var. İstənilən şəxs hərraca həm iştirakçı qismində qatıla, həmdə ziyarətçi olaraq canlı izləyə bilər.