Azərbaycan Dövlət İqtisad Universitetində “Orta ixtisas təhsili müəssisələri üçün tyutor hazırlığı” təlimlərinə start verilib. Bu barədə Lent.az-a Universitetin mətbuat xidmətindən məlumat verilib. Təhsil Nazirliyinin xətti ilə təşkil olunan layihə universitetin təcrübəli və bilikli təlimçiləri tərəfindən həyata keçirilir.
Təlimlərin açılışında ADİU-nun rektoru, professor Ədalət Muradov və təhsil nazirinin müşaviri İlham Pirməmmədov iştirak ediblər. Rektor bildirib ki, bu təlimlər prezidentin təsdiqlədiyi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na əsasən tətbiq edilən təhsildə kredit sisteminin tərkib hissəsidir. Ə.Muradov vurğulayıb ki, bu strategiya ilə Azərbaycanda təhsil sferasının islahatları və modernləşməsinin keyfiyyətcə yeni mərhələsi başlanıb.
Təhsil nazirinin müşaviri İ. Pirməmmədov isə deyib ki, tyutor sistemi ADİU-da müvəffəqiyyətlə tətbiq olunduğu üçün təlimlərin keçirilməsini məhz bu universitetə həvalə olunub.
Kursun sonunda imtahanları müvəffəqiyyətlə verən iştirakçılara sertifikat təqdim olunacaq.