Azərbaycan Dövlət İqtisad Universitetində yeni layihəyə start verilib. Universitetin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, layihə “Tələbə rektor” adlanır. Layihə çərçivəsində səsvermə yolu ilə seçilmiş tələbə bir iş günü ərzində ADİU-nun rektoru ilə birgə onun fəaliyyətini icra edəcək.
Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin ümumi yığıncağında tələbələrə layihə haqda məlumat verilib. “Tələbə rektor” vəzifəsinə beş namizəd seçilib.
Aprelin 25-də rektorun və “tələbə rektor”un birgə iş günü təşkil olunacaq. İş günü ərzində bütün məsələlər birgə müzakirə olunacaq və müvafiq qərarlar birgə qəbul ediləcək.
Layihənin məqsədi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”ndan irəli gələn vəzifələrin icrası – şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılması, universitetdə tələbə özünüidarəetmə sisteminin təşkili, tələbələrdə idarəetmə bacarıqlarının inkişafıdır.
Qeyd edək ki, layihə ayda bir dəfə həyata keçiriləcək.