«İntihar otu» adlı otu çeynəyən insanlarda ölüm qorxusu qalxır və həmin şəxslər intihar edirlər...
Hər il dünyada minlərlə insan intihar edərək həyatına son qoyur. Səmavi dinlərin qadağalarına baxmayaraq, intihar edənlərin sayı nəinki azalır, əksinə artır. Psixoloqlar və hüquq-mühafizə orqanlarının ekspertləri intiharların baş verməsində bir sıra səbəblərin olduğunu önə çəkirlər. Getdikcə artan özünüöldürmə hallarına fərdlərin psixoloji problemləri, ailə və məişət problemləri, gənclərdə depressiyalar, bioloji səbəblər – beynin funksiyasının pozulması və s. səbəb göstərilir.
Bəs insanlar necə intihar edir? Öz həyatlarına hansı ölüm metodundan istifadə etməklə son qoyurlar? Bu sual təbii ki, çoxlarımızı maraqlandırır. Təbii ki, ölüm cəzası verilmiş şəxslərin edamı müxtəlif qətl üsullarından istifadə etməklə icra olunur. Lakin intihar birbaşa şəxsin özünəqəsdi olduğundan, ölümün daha tez və ağrısız icra olunması gərəkdiyindən burada elə də çox «çeşiddən» istifadə olunmur.
Aparılan tədqiqatlara görə, şərq xalqlarının istifadə etdiyi intihar metodları qərbdə - Avropa və Amerikada istifadə edilən metodlardan tamamilə fərqlənir. Məsələn, şərq ölkələrində intihar edənlərin böyük əksəriyyəti özünüasmaya üstünlük verdiyi halda, Avropa ölkələrində özünə atəşaçma və ya zəhərləmədən istifadə olunur.
Ümumilikdə dünyada ən geniş yayılan intihar növləri aşağıdakılardır.
Asılma: Bu intihar növü yayılma və istifadə arealına görə dünyada ilk yeri tutur. Asılmanın tarixi bir neçə min ilə çatır. İnsanlar hansısa bir dayağa bərkitdikləri ip, parça və digər əşyalarla özlərini boğaraq həyatlarına son verirlər. Bu, asılma ölüm cəzasının bənzəridir. Ölüm hadisəsi qurbanın onurğa beyninin sıxılaraq qırılması, nəfəsin kəsilməsi yolu ilə təqribən 2-3 dəqiqə arasında baş verir. Hazırda dünyada həbsxanalarda baş verən intiharların 60%-ə qədərinin də məhz bu yolla reallaşdığı bildirilir.
Özünə atəş açma: Odlu silahların yaranması ilə meydana çıxan bu intihar növünü tarixçilərin sözlərinə inansaq, «dəbə hərbçilər salıb». İlk dəfə 16-cı əsrdə ispan ordusunda zabitin özünə odlu silahdan – tapançadan atəş açaraq öldürməsinə dair bədii ədəbiyyatda yazılar yer alır. Odlu silahların yayılması və təkmilləşməsi, eləcə də 20-ci əsrdə baş verən müharibələrdə özünə atəş açaraq öldürən minlərlə əsgər və zabitin olduğuna dair məlumatlar var. Bu cür intihar növü ən çox İkinci Dünya müharibəsində nasistlər arasında mövcud olub. Hitlerə və onun siyasətinə hədsiz bağlı olan alman zabit və generalları yol verdikləri nöqsanlara, eləcə də mühasirəyə düşdükdə təslim olmamaq üçün əsasən tapançadan gicgahlarına atəş açaraq öz həyatlarına son veriblər. Almaniya ordusunda yüksək rütbəli zabitin – generalın ilk belə nümayişkaranə intiharı Kursk döyüşündə baş verib. Tank alayının tam məhv edildiyini görən alman generallarından biri qoşunun önündə özünə atəş açaraq həyatına son verib. Berlinin işğalı, Almaniyanın təslim aktına qol çəkdiyi xəbəri yayılan 8 may günü Hitlerin sadiq tərəfdarı olan 2000 zabitin eyni vaxtda özünə atəş açaraq intihar etdiyi bildirilir. Hazırda bu intihar növü Avropa ölkələri ilə yanaşı digər ölkələrdə də geniş yayılıb. «Silahlıların intiharı» da adlanan özünə atəşaçmaya daha çox hərbi əməliyyatlarda iştirak etmiş insanlar, döyüşlərdən psixoloji sarsıntı ilə çıxanlar müraciət edir. Ekspertlərin fikrincə, baş verən intiharlarda intihar edən şəxs silahdan ən çox gicgahına, ağız boşluğundan beyinə doğru və ürəyinə nişan almaqla atəş açır. Ölüm 1,5-2,7-3 saniyə ərzində baş verir.
Zəhərlənmə: Avropa və Amerikada geniş yayılan intihar növü. Bəzi dini təriqətlər ölümün qan axıdılmadan icra olunmasına icazə verdiyindən həmin sektalara üzv olanlar arasında bu zəhərli intihara yer verilməsinə rastlaşılır. Zəhərlənərək intihar etmənin 2 min ildən artıq tarixi var. Qədim Misirdən tətbiq olunan bu intihar növündən Karfagen dövlətinin məşhur sərkərdəsi Hannibal, 14-cü əsrdə Osmanlı padşahı Yıldırım Bəyazid, 20-ci əsrdə Hitler və onun bir neçə silahdaşı istifadə ediblər. Keçmişdə hökmdarların üzüklərinin qaşında, Hitler və silahdaşlarının isə çıxış yolu olmadıqda intihar etmələri üçün özləri ilə zəhər dolu kapsul gəzdirdikləri məlumdur. İntiharın tez icrası üçün həddən artıq təsirli zəhərlərdən, ən çox sianiddən istifadə olunur. Bəzən zəhər tapa bilməyən insanlar çoxlu sayda güclü təsirə malik dərmanlardan yeməklə ölümlərini icra edirlər.
Özünü tullama: Qədim dövrlərdən bu intihar növündən istifadə olunur. Azərbaycanın şifahi xalq ədəbiyyatında da bu intihar növünə rast gəlinir. Xüsusilə də Qız Qalası ilə bağlı əfsanədə. Bu intihar ən yüksək riskli və cəsarət tələb edən, eyni zamanda əziyyətli ölüm növüdür. Bəzən intihar edən şəxs günlərlə əzab əziyyət çəkərək ölür. Buna baxmayaraq özünü yüksəklikdən tullayaraq qəsd edənlərin də sayı çoxluq təşkil edir.
Özünü yandırma: Yaxın Şərq ölkələrində geniş yayılıb. Azərbaycanda da bu intihar növünə təsadüf edilir. Daha çox qadınların əl atdığı özünü yandırma ən əzablı intiharlardan sayılır.
İynə vurmaqla intihar: Tibb elminin inkişafı ilə əlaqəli olaraq 20-ci əsrin əvvəllərində yaranıb. Zəhərli iynənin bədənə (damara) yeridilməsi yolu ilə həyata keçirildiyi bildirilir.
Suda boğulma: Bu intihar növü dənizçilər və balıqçıların – su əhlinin ən çox müraciət etdikləri ölüm növüdür. Orta əsrlərdə uzaq səfərlər zamanı aylarla dənizdə qalan insanlar əzablarına son vermək üçün bu intihar növündən istifadə ediblər. Rusiyanın Sakit okean sahillərində yaşayan və əsasən balıqçılıqla yaşayan xalqlarda bu intihar növü geniş yayılıb.
Elektriklə intihar: İnsanların özlərini yüksək gərginlikli elektrik şəbəkələrinə toxundurmaları nəticəsində baş verən intihardır.
Boynun sındırılması: Şərq xalqlarından çinlilər, yaponlar və koreyalılar bu intihar növünə müraciət edirlər. Əsasən döyüş növləri ilə məşğul olanlar istifadə edib. Xüsusi hazırlıqlı, əlbəyaxa döyüş ustaları əl zərbəsi ilə öz boyunlarını sındıraraq intihar edirlər. Bu intiharda ölümün 2 saniyədə baş verdiyi söylənilir.
Xarakiri: Yaponiyada samuraylardan qalma intihar növü. «Seppuku» da adlanan bu intihar samurayların hakimiyyətdə olduğu zamanlarda geniş yayılıb. Döyüşdə məğlub olan, yaxud rəhbərliyin inamını itirən samuraylar bu ölüm növünə müraciət ediblər. Samuray xarakiri etməzdən əvvəl çimib paklaşır, ağ rəngli paltar geyinir, ən sevdiyi yeməyini yeyir, sonra qılıncın tiyəsinin 20 sm yuxarısına qədər parça ilə sarıyırmış. Daha sonra həmin kəsən hissəni qarın boşluğuna soxaraq asta-asta yuxarı hərəkət etdirib beləliklə qarnını yarıb özünə qəsd edirmiş. Xarakiridə ölüm ağır şəraitdə, acılar içində əziyyətlə baş verib.
Özünü partlatma: Odlu silahların və partlayıcı maddələrin meydana çıxması ilə hərbçilər arasında yaranıb. Düşmən əlinə keçməmək üçün əsgər və zabitlər qumbaranı, yaxud cəbbəxananı partlatmaqla intihar ediblər. Bu gün də dünyanın müxtəlif bölgələrində davam edən hərbi əməliyyatlarda bu üsuldan istifadə edənlərə rastlaşmaq mümkündür. Eyni zamanda bu üsul son 10 ildə terrorçu-kamikadzelərin əsas taktikasına çevrilib. Hər gün İraqda, Əfqanıstanda və Pakistanda özünü və özü ilə birgə onlarla adamı partladıb intihar edən terrorçuların olması barədə xəbərlər yayılır.
Dünyanın ən qəribə intiharı
Dünya tarixində bu günə qədər baş vermiş milyonlarla intihar hadisələri arasında ən qəribəsi 1998-ci ildə Fransada baş verib. Belə ki, həyatından bezmiş bir fransız ən qəribə intihar metoduna müraciət edir. Dənizin sahilindəki qayaya bağladığı kəndiri boğazına keçirir. Daha sonra zəhər içir, paltarına od vuraraq özünü uçuruma atır və atlanarkən də əlindəki tapança ilə başına atəş açır. Lakin güllə onun başına dəyməyib, yan keçir və kəndiri qırır. İntiharçı dənizə düşür. Soyuq su yanan paltarlarını söndürür və eyni zamanda onu şoka salır. Şok nəticəsində intiharçı içdiyi zəhəri qaytarır. Bir balıqçı tərəfindən dənizdən çıxarılaraq xəstəxanaya yerləşdirilən həmin şəxs orada hipotermiyadan (bədən hərarətinin aşağı düşməsindən) dünyasını dəyişir.
Maraqlı bir faktı da qeyd edək ki, hazırda BMT və Dünya Səhiyyə Təşkilatı bir neçə ildir Şri-Lankada bitən intihar otu adlanan bitkinin kökünün kəsilməsi ilə mübarizə tədbirləri həyata keçirir. Bir neçə il əvvəl bu məqsədlə Dünya Səhiyyə Təşkilatı 110 milyon dollar dəyərində büdcə də ayırıb. Tədqiqatlar zamanı məlum olub ki, yalnız bu adada bitən və «intihar otu» adlı otu çeynəyən insanlarda ölüm qorxusu qalxır və həmin şəxslər intihar edirlər.
P.S. Bütün hallarda intihar günah sayılır. Allahın verdiyi həyatı kimsənin almağa haqqı yoxdur.
Rəşad Süleymanov
İntihar: əzablı və əzabsız yollarla – ARAŞDIRMA
13453