İnternetdə və informasiya cəmiyyətində insan hüquqları
17 dekabr 2013 13:44 (UTC +04:00)

İnternetdə və informasiya cəmiyyətində insan hüquqları

Yaxud media kapitanlarının da sözü bitərsə…

 

 

Günümüzdə informasiya-kommunikasiya texnologiyalarının (İKT) sürətli inkişafı internetdən istifadə edənlərin sayının sürətlə çoxalmasını şərtləndirib. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi məlumatına görə, bu gün Azərbaycan əhalisinin 70%-i internet istifadəçisidir və onlardan 50%-i geniş zolaqlı internetə qoşulub. Hazırda “Facebook” sosial şəbəkəsində Azərbaycan vətəndaşlarının sayı 1 milyon 250 mini ötüb. Digər tərəfdən, bu gün dünyada olduğu kimi Azərbaycanda onlayn media sürətlə inkişaf edir, ənənəvi media orqanları da bu inkişaf tendensiyasından geri qalmamaq üçün elektron versiyalarını yaratmaqdadırlar. Bu səbəbdən də internetdə və informasiya cəmiyyətində insan hüquqlarının qorunması, bu sahədə yaranan problemlərin həlli yollarının axtarışı aktuallıq kəsb etməkdədir.

 

 

Mətbuat Şurasının üzvləri şikayətlənirlər

 

 

Artıq baş redaktorların, Mətbuat Şurasının üzvlərinin də internetdə hüquqlarının pozulmasından şikayətlənməyə başlamaları məsələnin nə dərəcədə aktuallıq kəsb etməsindən xəbər verir.  Məsələn, bu günlərdə “Yeni Müsavat” qəzetinin baş redaktoru, Mətbuat Şurasının üzvü Rauf Arifoğlu AXCP-nin İmişli rayon şöbəsinin fəalı Vüqar Qədirovdan Daxili İşlər Nazirliyinə şikayət edib. Səbəb Vüqar Qədirovun “Facebook” sosial şəbəkəsində Rauf Arifoğlunun ünvanına təhqir yazması, baş redaktorun xahişlərinə baxmayaraq “Facebook”dakı səhifəsindəki statusu dəyişməməsi olub. Şikayətlə əlaqədar Vüqar Qədimov İmişli Rayon Polis Şöbəsinə çağırılıb, şikayət nəzərinə çatdırılıb, ondan heç yerə getməmək barədə iltizam alınıb.

 

“İki sahil” qəzetinin baş redaktoru, Mətbuat Şurası sədrinin müavini Vüqar Rəhimzadə isə bir müddət əvvəl mətbuat vasitəsi ilə aidiyyatı qurumlardan hüquqlarının qorunmasını xahiş edib. Buna səbəb “Facebook” sosial şəbəkəsində Vüqar Rəhimzadənin adına saxta profil yaradılması,  bu profildə onun siyasi mövqeyinə uyğun olmayan yalan, böhtan məlumatlar yayılması olub. Baş redaktor bəyan edib ki, açılan saxta profildə siyasi əqidəmə və mövqeyimə uyğun olmayan münasibətlərin, rəylərin yer alması ən azı vətəndaşlıq hüquqlarının pozulmasıdır.  O vurğulayıb ki, belə saxtakarlığa əl atanlar ilk növbədə bilməlidirlər ki, bütün fəaliyyəti boyu müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyev ideyalarına həmişə sadiq olub, onun siyasi kursunun layiqli davamçısı prezident İlham Əliyevin siyasətini qətiyyətlə dəstəkləyir və bu, ömrünün sonuna qədər belə də olacaq. Vüqar Rəhimzadə aidiyyatı orqanlardan xahiş edib ki, belə yaramaz əməllərlə məşğul olanlar haqqında ciddi tədbir görülsün və onların kimliyi geniş ictimaiyyətə açıqlansın.

 

Bəs baş redaktorlar tərəfindən atılan bu addımlar  yetərli olubmu?

 

Apardığımız araşdırma zamanı maraqlı mənzərə üzə çıxdı. Rauf Arifoğlu Lent.az-a bildirib ki, bu, ictimai yerdə edilən xuliqanlığa bənzər virtual xuliqanlıqdır, belə hallarda problemin ən effektli və sürətli həll yolu yaşayış yeri, ərazi üzrə polisə müraciət etməkdir. Onun sözlərinə görə, polisə yox, məhkəməyə müraciət edəcəyi halda bu proses uzun çəkərdi. Rauf Arifoğlunun polisə müraciətin sonrakı dövrdə AXCP də öz üzvü Vüqar Qədirovun hərəkətlərini pisləyib və  qarşı tərəf addım atdığından baş redaktor da şikayətindən imtina edib. “Yeni Müsavat” qəzetinin baş redaktoru məqsədinin həmin şəxsi həbs etdirmək yox, məhz tərbiyələndirmək olduğu üçün şikayətindən imtina etdiyini açıqlayıb. Vüqar Qədirov da təhqir ehtiva edən sözləri sosial şəbəkədəki ünvanından silib.

 

Rauvf Arifoğlu onu da deyib ki, internetdə, sosial şəbəkələrdə insan hüquqlarının qorunması mexanizmi barədə xüsusi bir fikri yoxdur. Ancaq hesab edir ki, belə hallar dövlət tərəfindən İnternet məkanına nəzarətin tətbiqinə gətirib çıxarmamalıdır: “Çünki İnternet məkanına nəzarətin ələ alınması ifadə azadlığının məhdudlaşdırılmasına gətirib çıxaracaq”.

 

Vüqar Rəhimzadə də mətbuat vasitəsi ilə müraciət etdikdən sonra “Facebook” sosial şəbəkəsindəki saxta profildə “fəaliyyət dayanıb”. Həmin dövrdə bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini bildirən Vüqar Rəhimzadə ilk növbədə sərhəd tanımayan məkan olan internetin yaratdığı imkanlardan istifadə edən insanların daxili vicdanla hərəkət etmələrini, məsuliyyətli olmalarını zəruri sayır: “Saxta profillər yaratmaq, yaxud internet saytlarda böhtan, təhqir yazmaq cinayət məsuliyyəti doğurmalıdır. Başqalarına da nümunə olmalıdır ki. belə hala yol vermək olmaz. Bəziləri bu barədə danışanda məhdudlaşdırma kimi qəbul edir, müxtəlif fikirlər irəli sürürlər. Ancaq kimin saytı varsa, sosial şəbəkələrdə səhifə yaradıbsa, məsuliyyətli olmalıdır. Əks halda virtual məkanda siyasətçilərə, dövlət adamlarına və digərlərinə qarşı cinayətlərə yol veriləcək. Saxta profillər yaradan, yaxud saytlarda adını çəkmədiklərini mənbələrə istinadən başqalarına böhtan atanlar düşünməlidirlər ki, cinayət törədirlər. Mən artıq reket jurnalistikanın ilkin cücərtilərini bəzi saytlarda görürəm. Hansısa bir çərçivə qanununa ehtiyac var”.

 

 

 

Hüququn göstərdiyi yol

 

“Femida Hüquq Şirkəti” MMC-nin rəhbəri, hüquqşünas Yaşar Ağazadə deyir ki, bu il mayın 14-də “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun qəbul edilib. Cinayət Məcəlləsinə edilən dəyişikliyə əsasən bu ilin  may ayından etibarən kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış təhqir və böhtan xarakterli məlumatlar da Cinayət Məcəlləsinin 147 və 148-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cinayət əməli kimi qiymətləndirilə bilər. Cinayət Məcəlləsinin 147-ci maddəsində qeyd edilib ki,  böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma yüz manatdan beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 148-ci maddəsində qeyd olunur ki,  təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma üç yüz manatdan min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Yaşar Ağazadə hesab edir ki, bəzi hallarda təhqir və böhtana məruz qalmış şəxslərin bu barədə polis və prokurorluq orqanlarına müraciət etməsi doğru deyil: “Çünki Cinayət Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Başqa sözlə, şəxsin Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə təqsirli bilinib cinayət məsuliyyətinə cəlb edilməsi üçün zərər çəkmiş şəxsin xüsusi ittiham qaydasında şikayətlə birbaşa məhkəməyə müraciət etməsi zəruridir. Barəsində təhqir və böhtan xarakterli məlumatlar yayılmış şəxslər belə məlumatları yaymış şəxslərə qarşı Mülki Məcəlləsinin 23-cü maddəsinə əsasən məhkəmədə mülki qaydada iddia da qaldıra bilər”.

 

 

Etiraf edilən acı gerçəklik

 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Zahid Oruc məsələyə daha geniş prizmadan yanaşmağı zəruri sayır. O, Lent.az-a açıqlamasında bir neçə ay əvvəl KİV-lə bağlı qanunvericiliyə dəyişikliklər edildiyini, saytların və agentliklərin, KİV statuslu onlayn vasitələrin vətəndaşlarının şərəf və ləyaqətlərin tapdanmasıyla bağlı hüquqi müstəvisi ilə əlaqədar işlər görüldüyünü xatırladıb. Həmin vaxt media nümayəndələri ilə aparılan müzakirələr zamanı məsələyə iki yanaşma olub. Birinci yanaşmanın tərəfdarları hesab ediblər ki, bu, media azadlığına təsir göstərəcək. İkini yanaşma tərəfdarları isə insanları təhqir və azadlıqdan qorumaq üçün addımların atılmasını dəstəkləyiblər.

 

Ancaq Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü hesab edir ki, qanunvericilik təkmil olsa da, bu məsələləri dar çərçivədə tənzimləyir. Çünki təhqir olunan subyektlərinin sayı genişdir, təkcə dövlət orqanları, məmurlar deyil. Onun sözlərinə görə, bu gün sosial şəbəkələrdə hər bir profil öz özlüyündə informasiya daşıyıcısıdır, ayrı-ayrı hallarda hər hansı rəylər formalaşdırmaq, cəmiyyətə təsir etmək baxımından da fəaldırlar. Həm də bir çox halda da gizli dairələrin əli ilə idarə olunur, səfərbər edilərək cəmiyyətin real həyatına təsir edirlər. Azərbaycanda da yüzlərlə saxta profillər, yaxud sayt adına uyğun gələn onlayn vasitələr var. Son nəticədə müxtəlif xarakterli fəaliyyətdən insanlar mənəvi ziyan çəkməkdədirlər. Zahid Oruc insanların şəxsi həyatlarının bütün detalları dəhşətli və amansız analizlərə məruz qoyulduğunu vurğulayır: “Bu gün virtual məkanda Azərbaycanda hər hansı deputata, məmura qarşı hər cür təhqir növündən istifadə edilir. Açıq mənəvi terror hadisəsi baş verir. Sanki bu, artıq cəmiyyət üçün normalaşıb, zəkalar bunu qəbul edir.  İctimai mənəviyyatın pozulması normaya çevrilib. Şou əhlinin qeyri-əxlaqi dəyərlərini cəmiyyətə sırımaları, hər gün virtual aləmdə tirajlamaları fonunda bundan çıxış edərək istənilən siyasətçinin, istənilən tanınmış şəxsin üzərinə gedə bilərlər. Bu baxımdan sanki təhqir azadlığı təmin olunub, istənilən şəxsə qarşı virtual səlib yürüşü həyata keçirilir.  Təəssüf ki, status, blogger və bu kimi fəaliyyətlərdən qorunmaq mexanizmi yoxdur. İKT texnologiyaları ilə bu kimi fəaliyyətlərlə məşğul olanların ünvanını tapmaq mümkündür. Bu şəraitdə ilkin addımları hüquqi müraciətlərlə özünü göstərir.  Ancaq bu da son nəticədə heç nə ilə nəticələnmir, çünki bəlli hüquqi mexanizm yoxdur. Bu mənada Azərbaycanda vətəndaşın sona qədər qanuni qaydada özünü müdafiəsinin formaları yoxdur. Bunu açıq demək lazımdır. Həm də istənilən ölkədə istənilən şəxsin təhqirdən sona qədər qorunması mümkün deyil. Dünyada maşınla qəza törədib kiminsə həyatına son qoymaqla virtual informasiya üzərindən kiminsə həyatını məhv etməyin fərqi olmamalıdır. Ancaq Azərbaycanda hesab edirlər ki, bu, belə deyil. Halbuki insan sözün şiddətindən həyatını itirər. Mən məktəbdə oxuyanda da bir müəllim deyilən sözün təsirindən, şiddətindən həyatını itirmişdi”.

 

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü bir müddət əvvəl Böyük Britaniyada olarkən bu ölkənin qanunverici orqanının təmsilçiləri ilə terrorizm, radikal dini cərəyanlarla bərabər virtual məkandakı bu təhqirlərin qarşısını alacaq addımlarla bağlı müzakirə apardıqlarını qeyd edib: “Avropada bununla bağlı yekdil fikir var. Yəni cəmiyyətin humanistləşməsi ilə bu problemin aradan qaldırılmasına çalışırlar. Qərbdə liberallığın azğınlıq, təhqir doğurub-doğurmadığı da araşdırılmağa başlanıb”.

 

Deməli, biz də cəmiyyətin humanistləşməsinə ümid bəsləməliyik…

 

Qeyd: Yazı Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birgə müsabiqəyə təqdim etmək üçün hazırlanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 851
avatar

Oxşar yazılar