Nazirlər Kabinetinin 2009-cu il 3 sentyabr tarixli 131 nömrəli qərarı ilə təsdiq edilmiş “İnsan alveri qurbanlarının müəyyən edilməsi Qaydaları (indikatorları)”nda dəyişiklik edilib.
Lent.az-ın verdiyi məlumata görə, dəyişiklik insan alveri ilə bağlı cəzaların sərtləşdirilməsini nəzərdə tutur.
Zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla, insanların istismar məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi kimi insan alveri sayılan cinayətlər Cinayət Məcəlləsinin 144-1-ci maddəsinə əsasən cəzalandırılacaqlar. Bu, 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur. Uşağın istismar məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi bu bənddə göstərilən üsullardan istifadə olunmasa da, insan alveri hesab edilir və bu maddəyə əsasən cinayət məsuliyyəti nəzərdə tutulur.