İltihablaşma prosesinin qarşısını almaq üçün İmranın ayağına xüsusi irinsoran cihaz yerləşdirilib
Bir neçə gün öncə “Nabran Village Holiday”de hovuzda çimərkən iki ayağını itirən və Almaniyada cərrahiyyə əməliyyatı olunan İmran Cəfərzadənin ayaqları sabah açılacaq. İmranın ailə üzvlərinin APA-ya verdiyi xəbərə görə, o, əməliyyatdan sonra artıq palataya köçürülüb: “Hər iki ayağında iltihablaşma dayansa, vəziyyəti normal sayıla bilər. İltihablaşmanın qarşısını almaq üçün İmranın ayaqlarına xüsusi irinsoran cihaz yerləşdirilib. Sabah İmranın ayağındakı sarğılar açılandan sonra həkimlər nəticəyə uyğun hərəkət edəcəklər”.
Qeyd edək ki, iyulun 21-də Xaçmaz rayonunda yerləşən “Nabran Holiday Village” akvaparkının hovuzunun nasos sistemi İmran Cəfərzadə içəri sorub. Trubanın ağzında qoruyucu barmaqlıq olmadığından uşaq sağ ayağının dizdən aşağı hissəsini və sol ayağının dabanını itirib. Prezident İlham Əliyev İmranın müalicəsinin dövlət hesabına təmin edilməsi ilə bağlı göstəriş verib. İki yaşlı İmran Cəfərzadə iyulun 25-də Berlinin ən yaxşı klinikalarından biri olan "Charite"də əməliyyat olunması üçün Almaniyaya yol salınıb.
Almaniyalı həkimlərin ilkin rəyinə görə, müalicənin birinci mərhələsi 28 gün davam edəcək, bu müddətdə 2-3 ilkin əməliyyat keçiriləcək. İlk əməliyyat uğurla başa çatıb, növbəti əməliyyatın isə iyulun 31-də keçirilməsi nəzərdə tutulur.