İki nazirlik “ov reydi” keçirib
29 yanvar 2014 14:33 (UTC +04:00)

İki nazirlik “ov reydi” keçirib

Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər nazirliklərinin əməkdaşları tərəfindən “Ovçuluq haqqında” qanunun tələblərinə əməl olunması, qanunsuz ov edilməsi, ovlanmış çöl quşlarının və heyvanların qeyri-qanuni satışının qarşısının alınması məqsədilə ölkə ərazisində növbəti reydlər keçirilib. Bu barədə Lent.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. Reydlər zamanı Saatlı rayonu “Sarısu” ovçuluq təsərrüfatında Saatlı rayonu Bəylik kənd sakini F.Əliyevdən 2 ədəd ov tüfəngi, İmişli rayonu “Şərbət-Qobu” ovçuluq təsərrüfatının ərazisində İmişli şəhər sakinləri A.Həşimov və Y.Viktoreviçdən 1 ədəd ov tüfəngi, balıq ovunda istifadə olunan elektrik avadanlıqları, 4 baş qaşqaldaq quşu və qanunsuz tutulmuş 42 ədəd müxtəlif növ balıq, Şabran rayonu ərazisində “Ağzıbir” ovçuluq təsərrüfatında Siyəzən şəhər sakini R.Qasımovdan 1 ədəd ov tüfəngi, Hacıqabul rayonu ərazisində Hacıqabul şəhər sakini N.Umbayevdən 1 ədəd ov tüfəngi və 2 baş ördək, Şamaxı rayon Quşçu kənd sakini Ş.Niftalıyevdən 1 ədəd ov tüfəngi və 4 baş ördək götürülüb. Faktlarla bağlı protokollar tərtib edilərək hər bir qanun pozucusu İnzibati Xətalar Məcəlləsinə əsasən 1500 manat məbləğində cərimə olunub.


Bakı-Şamaxı avtomobil yolunun kənarında keçirilən reydlər zamanı adı “Azərbaycan Respublikasının Qırmızı Kitabı”na salınmış 20 ədəd bəzgək quşunun və 6 ədəd çöl ördəyinin Qobustan rayon Bədəlli kənd sakinləri C.  Yeylağalıyev, P. Məmmədov, T. Adıgözəlov və E. Canatov, Bakı-Quba magistral avtomobil yolunun kənarında 7 ədəd nərə cinsli balıq növlərinin Siyəzən şəhər sakini F. Hacıyev, bundan başqa, şəxsiyyətlərinin müəyyənləşdirilməsi mümkün olmayan ayrı-ayrı şəxslər tərəfindən, ümumilikdə 92 ədəd müxtəlif balıq növlərinin (çəki, kütüm, kefal və s.), Ələt-Astara avtomobil yolunun kənarında Salyan rayon sakinləri tərəfindən 15 ədəd çəki, 12 ədəd xanı balığının, Lənkəran rayonu ərazisində yol kənarında Lənkəran rayon sakini O. Mustafayev tərəfindən 4 ədəd xanı balığının, Masallı rayon sakini Ə. Ağayev tərəfindən 8 baş qaşqaldaq quşunun qanunsuz satışının təşkil edildiyi də aşkarlanıb. Qanun pozucuları barəsində müvafiq aktlar tərtib edilib, qanunsuz ov məhsulları qanunvericiliyə uyğun qaydada götürülərək tədbir görülməsi üçün aidiyyəti rayon Polis Şöbələrinə təqdim edilib. Hazırda araşdırmalar aparılır və qanun pozucularının məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.


Keçirilən reydlər zamanı qanunsuz ov edən şəxslərdən ümumilikdə 6 ov tüfəngi, 44 baş ov quşu, 172 ədəd müxtəlif növ balıq götürülərək, 7500 manat məbləğində inzibati qaydada cərimə tətbiq olunub, götürülmüş ov quşları yandırılaraq məhv edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 834

Oxşar yazılar