II qrupun yeganə rekordçusu -  REPORTAJ
30 iyul 2018 14:11 (UTC +04:00)

II qrupun yeganə rekordçusu - REPORTAJ

Lənkəran rayonu Balıqçılar qəsəbə tam orta məktəbinin məzunu Rəmzi Abıyev ilk qəbul imtahanında 700 bal toplayıb

 

İyulun 26-da II ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında cəmi bir abituriyent maksimal nəticə göstərib.

 

APA TV-nin cənub bürosunun xəbərinə görə, bu, Lənkəran rayonu Balıqçılar qəsəbə tam orta məktəbinin məzunu Rəmzi Abıyevdir.

 

Bütün suallara düzgün cavab verərək 700 bal toplayan abituriyent müəllim ailəsində böyüyüb. Sınaq imtahanlarında dəfələrlə iştirak etməsinə baxmayaraq, birinci qəbul imtahanında müəyyən qədər həyəcanlı olduğunu etiraf edən Rəmzi bunun nəticəyə də təsir etdiyini deyib: "Qəbul imtahanlarının hər ikisində iştirak etmişəm. 1-cidə 585, 2-cidə isə qarşıma məqsəd qoydum, gərgin əzmlə çalışaraq 700 bal toplayacağıma özümə söz verdim və bunu topladım. Bu uğurda mənə dəstək olan hər kəsə təşəkkür edirəm".

 

Rayon mərkəzindən 40 km məsafədə yerləşən məktəbin şagirdi olan Rəmzi Abıyevin uğuruna ən çox sevinənlər sırasında onun üzərində əməyi keçən valideynləri və müəllimləri ilk sırada gəlir. Onlar zəhmətlərinin bəhrə verməsinə qürur hissi ilə şahidlik edirlər.

 

Məktəbin direktoru Kamran İsmayılov üçün məzunlarının 700 bal toplaması tarixi hadisədir: "Sevinc hissi ilə yaşayırıq. Məktəbimiz ucqar yerdə yerləşir. 89 ümumtəhsil məktəbi var rayonda, onların içində təbii ki, bizim məzunumuzun 700 bal toplaması hamımızın sevincidir".

 

Anası Validə Abıyeva isə bu uğura görə Rəmzinin müəllimlərinə minnətdardır: "Çox sevinirəm, sevinc hissi ilə yaşayıram ki, övladım 700 bal toplayıb. Bu yerə gəlib çıxmasında valideynlərinin də rolu böyük olub, müəllimlərinin də".

 

Qeyd edək ki, Rəmzi Abıyev bu il keçirilən imtahanlarda cənub bölgəsi üzrə 700 bal toplayan ikinci abituriyentdir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 437
avatar

Oxşar yazılar