Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov rayonda dini təriqətlərlə bağlı vəziyyətdən danışıb. Lent.az-ın məlumatına görə, Binəqədi rayonunda 2014-cü ildə görülmüş işlərin hesabatına həsr edilmiş yığıncaqda çıxış edən X.İsgəndərov Binəqədidə vəziyyətin nəzarət altında olduğunu deyib: “Bir zamanlar kimsənin ağlına gəlməzdi ki, sən şiəsən, sən sünnisən, sən vəhhabisən. Görünür ki, Azərbaycanı istəməyən bəzi qüvvələr buna çalışırlar. İndi kimsə deyə bilməz ki, mənim övladımı sabah vəhhabi etməyəcəklər. Bu kimi məsələlər bütün valideynlərin, bizim məsuliyyətimizdir”.
X.İsgəndərov qeyd edib ki, rayonun hüquq-mühafizə orqanları, eləcə də icra hakimiyyəti vəziyyətə tam nəzarət edir və zəruri profilaktik tədbirlər həyata keçirilir.