Azərbaycanda Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının qərarı olmadan lüğət və ensiklopediyaların nəşri qadağan ediləcək.
Bu barədə APA-ya Komisiyanın sədr müavini Sayalı Sadıqova bildirib. Onun sözlərinə görə, artıq bununla bağlı ölkədəki bütün ali məktəblərin, elmi tədqiqat institutlarının rəhbərlərinə və AMEA-nın institut direktorlarına xəbərdaredici məktublar hazırlanır: “Terminologiya Komissiyasının qərarı olmadan sahələr üzrə lüğət və ensiklopediyalar nəşr oluna bilməz. Bu nəşrlər Komissiyanın tərkibində yaradılan bölmələrin qərarı ilə çap oluna bilər. Ölkədə çap olunan bütün lüğət və ensiklopediyalar Terminologiya Komissiyasının xüsusi möhür və blankı ilə nəşr oluna biləcək”.
S. Sadıqova deyib ki, son zamanlar özbaşına çap olunan belə nəşrlərin sayı artıb: “Hüquq ensiklopediyası Terminologiya Komisiyasında 2009-cu ildə müzakirə olunub və nəşrinə icazə verilib. Bu günlərdə Ədliyyə Nazirliyi də bir hüquq ensiklopediyası nəşr edib. Bəs bu ensiklopediya harada müzakirə olunub? Bu sahədə pərakəndəlik aradan qalxmalıdır. Ensiklopediyalar və lüğətlər stolüstü kitablardır. Bunlar çox dəqiq olmalıdır. Amma son zamanlar bir-birinin təkrarı olan, plagiat nəşrlər çoxalıb”.