İyulun 17-dən etibarən I və IV ixtisas qrupları üzrə qabiliyyət imtahanları keçiriləcək. Bu barədə Lent.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.
Ali təhsil müəssisələrinə ərizə qəbulu mərhələsində xüsusi qabiliyyət tələb edən ixtisaslara qrafik üzrə seçmə turlar keçirilib. Seçmə turda abituriyentlərin seçdikləri xüsusi qabiliyyət tələb edən ixtisaslara yararlılığı yoxlanılıb və yoxlamadan müvəffəqiyyətlə keçənlər qabiliyyət imtahanlarında iştirak etmək üçün internet vasitəsilə qeydiyyata alınıblar.
Müvafiq qrupların test imtahanı nəticəsində müsabiqə şərtini ödəmiş abituriyentlər onlar üçün müəyyənləşdirilmiş vaxtda qabiliyyət imtahanı verəcəklər.
Bu ildən etibarən bədən tərbiyəsi və idman istiqaməti üzrə qabiliyyət imtahanlarının gedişi videolentə alınacaq.
Qeyd edək ki, qəbul qaydalarına əsasən, abituriyentlərə qabiliyyət ixtisasları ilə yanaşı, müsabiqə şərtlərini ödədikləri halda digər ixtisasları da seçmək imkanı verilir.