Qaydaların tələblərini pozan vəzifəli şəxsin hökumət rabitəsi söndürülə və telefon aparatı çıxarıla bilər
Nazirlər Kabineti “Hökumət rabitəsindən istifadə Qaydaları”nın və “Xüsusi dövlət rabitəsindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında qərar verib. Lent.az-ın verdiyi məlumata görə, “Hökumət rabitəsindən istifadə Qaydaları” “Hökumət və xüsusi dövlət rabitəsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 7 fevral tarixli 583 nömrəli Fərmanına əsasən hazırlanıb və hökumət rabitəsindən istifadə qaydalarını müəyyən edir.
Hökumət rabitəsindən yalnız hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxs istifadə edə bilər. Hökumət rabitəsi ilə vəzifəli şəxs məxfi danışıqlar apara bilər. Hökumət rabitəsi vasitəsilə, həmçinin Müstəqil Dövlətlər Birliyinin üzv dövlətlərinin dövlət orqanlarının rəhbərləri ilə də məxfi telefon danışıqları aparıla bilər. Bunun üçün hökumət rabitəsi stansiyasının növbətçi operatoruna (“0” rəqəmini yığmaqla) sifariş verilməlidir. Hökumət rabitəsinin telefon aparatının və digər qurğularının quraşdırılması, onun digər yerə köçürülməsi, təmiri, söndürülməsi və ya çıxarılması yalnız Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin hökumət rabitəsi struktur bölməsinin mühəndis-texniki personalı tərəfindən həyata keçirilir. Vəzifəli şəxs üçün quraşdırılmış hökumət rabitəsinin telefon aparatı və digər qurğularına vurulmuş möhürlərin əkslərinin bütövlüyünə nəzarət müvafiq dövlət orqanının, idarə və təşkilatın dövlət sirrinin mühafizəsi üzrə struktur bölməsi tərəfindən həyata keçirilir.Hökumət rabitəsinin telefon aparatının quraşdırıldığı otaqlarda informasiyanın texniki mühafizəsinin təmin olunması üzrə tədbirlər vəzifəli şəxsin işlədiyi dövlət orqanı tərəfindən Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin hökumət rabitəsi struktur bölməsinin mühəndis-texniki personalı ilə birlikdə həyata keçirilir.
Bu Qaydaların tələblərini pozan vəzifəli şəxsin hökumət rabitəsi söndürülə və telefon aparatı çıxarıla bilər. Hökumət rabitəsinin məlumat kitabçası Milli Təhlükəsizlik Nazirliyi tərəfindən tərtib edilir və vəzifəli şəxsin xidməti istifadəsi üçün nəzərdə tutulur. Məlumat kitabçasında qeyri-dəqiqlik aşkar edildikdə, habelə hökumət rabitəsinin telefon aparatının işində hər hansı bir nasazlıq olduqda və ya nömrə yığımında birləşmə əldə etmək mümkün olmadıqda, bu barədə hökumət rabitəsi stansiyasının növbətçi operatoruna məlumat verilməlidir.
“Xüsusi dövlət rabitəsindən istifadə Qaydaları” “Hökumət və xüsusi dövlət rabitəsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 7 fevral tarixli 583 nömrəli Fərmanına əsasən hazırlanıb və xüsusi dövlət rabitəsindən istifadə qaydalarını müəyyən edir. Xüsusi dövlət rabitəsindən yalnız xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxs istifadə edə bilər. Xüsusi dövlət rabitəsinin telefon aparatının quraşdırılması, onun digər yerə köçürülməsi, təmiri, söndürülməsi və ya çıxarılması yalnız Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən həyata keçirilir. Xüsusi dövlət rabitəsinin xətlərini konsentrator və ya başqa kommutasiyalı qurğulara qoşmaq, həmçinin telefon aparatına cütləşmə və ya xüsusi keçirmə açarı ilə əlavə telefon aparatı qoşmaq qadağandır.
Xüsusi dövlət rabitəsinin telefon aparatı quraşdırılmış otaqlarda informasiyanın texniki mühafizəsinin təmin olunması üzrə tədbirlər vəzifəli şəxsin işlədiyi dövlət orqanı tərəfindən Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin mütəxəssisləri ilə birlikdə həyata keçirilir. Xüsusi dövlət rabitəsi vasitəsilə məxfi danışıqlar yalnız xüsusi şifrəli telefon aparatları quraşdırıldıqda aparıla bilər. Bu Qaydaların tələblərini pozan vəzifəli şəxsin xüsusi dövlət rabitəsi söndürülə və telefon aparatı çıxarıla bilər. Xüsusi dövlət rabitəsinin məlumat kitabçası Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi tərəfindən tərtib edilir və vəzifəli şəxsin xidməti istifadəsi üçün nəzərdə tutulur. Vəzifəli şəxsin iş və (və ya) ev telefonlarının nömrələri dəyişildikdə, məlumat kitabçasında qeyri-dəqiqlik aşkar edildikdə, habelə xüsusi dövlət rabitəsinin telefon aparatının işində hər hansı bir nasazlıq olduqda, bu barədə xüsusi dövlət rabitəsinin növbətçi operatoruna məlumat verilməlidir.