Dövlət universitetləri var ki, akkreditasiyadan keçə bilməyiblər - <span style="color:red;">EKSPERT
10 iyun 2019 17:45 (UTC +04:00)

Dövlət universitetləri var ki, akkreditasiyadan keçə bilməyiblər - EKSPERT

"Dövlət rüsumu haqqında" qanuna dəyişikliklər edilir. Qanunun Milli Məclisə (MM) birinci oxunuş üçün təqdim edilən və qəbul olunan variantında məktəbəqədər təhsil müəssisələrinin akkeditasiyası üçün dövlət rüsumunun məbləği 3000, ümumi təhsil müəssisələri üçün 5000, məktəbdənkənar təhsil müəssisələri üçün 7000, peşə təhsili müəssisələri üçün 10000, orta ixtisas müəssisələri üçün 15000, ali təhsil müəssisələri üçün 20000, əlavə təhsil müəssisələri üçün 15000, təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr üçün 15000 manat müəyyən edilmişdi.

MM-ə ikinci oxunuş üçün təqdim edilən qanun layihəsində isə bəzi rüsumların məbləğləri azaldılıb. Təklif olunan yeni layihədə variantında məktəbəqədər təhsil müəssisələrinin akkeditasiyası üçün dövlət rüsumunun məbləği 2000, məktəbdənkənar təhsil müəssisələri üçün 5000, orta ixtisas müəssisələri üçün 12000, əlavə təhsil müəssisələri üçün 12000, təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr üçün 12000 manata endirilib.

Qeyd edək ki, bir müddət əvvəl mövzu ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli Lent.az -a verdiyi açıqlamada bildirmişdi ki, bu məsələ ilə bağlı dünya təcrübəsi öyrənilir: “Dünya ölkələrində akkreditasiya üçün nəzərdə tutulmuş rüsumlar əksər hallarda Milli Məclisdə bizim təklif etdiyimiz rəqəmlərdən çoxdur. Nəzərə almaq lazımdır ki, akkreditasiya üçün rüsumlar beş ildən bir ödənilir. Qeydiyyat beş ildən bir keçirilir. Qanun layihəsində gedən rəqəmləri beş yerə bölsək, təhsil müəssisələrinə çox da gərginlik düşmür. Məsələn, ali məktəb üçün 15000 manat rüsum ödəmək nəzərdə tutulubsa, o zaman hər ilə 3 min rüsum düşür ki, bu, özəl ali məktəbdə ödənişli şəkildə təhsil alan cəmi bir tələbənin ödəniş haqqı deməkdir. Həmçinin məktəbəqədər təhsil müəssisəsində beş ildə bir dəfə akkreditasiyadan keçərkən 3000 manat rüsum tələb olunursa, bu rəqəmi müəssisənin gəlirlərinə böləndə, bir ilə cəmi 600 manat məbləğ düşür. Bu isə özəl baxçanın bir nəfər müdaviminin cəmi iki aylıq ödəniş haqqı deməkdir”. Millət vəkili akkreditasiya rüsumlarının miqdarına yenidən baxılacağını da vurğulamışdı.

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov Lent.az-a bildirib ki, təhsil müəssisələri yarananda lisenziya almaq üçün dövlət rüsumunu ödəyirlər, amma akkreditasiya üçün 5 il vaxt keçməlidir. Onun sözlərinə görə, bu müddətdə universitetlərin maddi-texniki bazası köhnəlir: “Buna görə də, Təhsil Nazirliyi tərəfindən universitetlərin akkreditasiyadan keçirilməsi zəruridir. Nəzərə alsaq ki, universitetlər yarananda lisenziya almaq üçün dövlət rüsumu ödəyirlər, ona görə də, akkreditasiyadan keçəndə bunun üçün rüsumun ödənilməsi problem deyil".

Ekspertin sözlərinə görə, bir məsələ də var ki, əgər təhsil müəssisəsi hansısa bir rüsumun ödənilməsi üçün təhsil alanların təhsil haqqını artırırsa, bu, onların rentabelli fəaliyyət göstərmədiyini göstərir və belə universitetin fəaliyyət göstərməsi lazım deyil. "Universitetlər xidmət göstərməli və gəlir əldə etməlidirlər. Amma bizdə universitetlər ancaq gəlirlərini tələbələrin təhsil haqqı üzərində qurublar”.

K.Əsədov hesab edir ki, akkreditasiyanın pullu olması müvafiq qurumun da ciddiyyətini artıracaq: “Bizdə hətta dövlət universitetləri var ki, akkreditasiyadan keçə bilməyiblər. Çünki bu prosesə ciddi yanaşmayıblar. Ali təhsil müəssisələri əmək bazarının tələblərinə uyğun kadr hazırlığı həyata keçirə bilmirlər. Onların maddi-texniki bazası zəifdir, laboratoriyaları yox dərəcəsindədir. Amma ciddi şəkildə akkreditasiya təşkil olunsa, buna görə rüsum tələb olunsa, qeyd olunan problemlər aradan qalxar. Nəzərə alsaq ki, Təhsil Nazirliyi akkreditasiya üçün resurslar cəlb edir və akkreditasiya daha çox universitetin özü üçün lazımdır, buna görə rüsum tətbiq olunmalıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1258
avatar

Aygün İbrahimli

Oxşar yazılar