Siyavuş Novruzov: “Təhlükəsizlik və müdafiə komitəsinə hərbi xidmətə çağırış yaşının qaldırılması ilə bağlı qanun layihəsi daxil olmayıb”
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinə həqiqi hərbi xidmətə çağırış yaşının 18 yaşdan 20 yaşa qaldırılması ilə bağlı “Hərbi çağırışın əsasları haqqında” qanuna əlavə və dəyişikliklərin edilməsi barədə qanun layihəsi daxil olmayıb.
Bunu Lent.az-a açıqlamasında Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Siyavuş Novruzov söyləyib.
Siyavuş Novruzov deyib ki, çağırışla bağlı yeni struktur – Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb: Bu yeni struktur tam şəkildə formalaşmalıdır. Yeni struktur tam şəkildə formalaşandan sonra “Hərbi çağırışın əsasları haqqında” qanundakı müəyyən müddəalara baxıla bilər. Hazırda komitədə “Hərbi çağırışın əsasları haqqında” qanuna əlavə və dəyişikliklərin edilməsi barədə qanun layihəsi yoxdur.
Qeyd edək ki, Azərbaycanda həqiqi hərbi xidmətə çağırış yaşının artırılması, 18 yaşdan 20 yaşa qaldırılması ilə bağlı Silahlı Qüvvələrdə və digər hökumət strukturlarında müzakirə aparıldığı və bununla əlaqədar qanun layihəsinin bu il ərzində parlamentin müzakirəsinə təqdim olunacağı barədə məlumat yayılıb.