Son illər IX sinifdə buraxılış imtahanlarının nəticəsi müsbətə doğru artmaqdadır.
Lent.az-ın məlumatına görə, Təhsil Nazirliyinin 2016-cı ilə dair hesabatında bu barədə məlumat verilib.
Hesabatda qeyd edilib ki, 2012-ci ildə IX-cu sinif buraxılış imtahanları zamanı ana dili və riyaziyyat fəndən müvəffəq qiymət alanlar 50, 27 % olduğu halda, 2016-cı ildə bu rəqəm 67, 22 %-ə yüksəlib. Yəni imtahanların nəticələri son 4 ildə 17% yaxşılaşıb. Xüsusilə vurğulanmalıdır ki, hər il orta hesabla 4% artım müşahidə olunub.
2016-cı ildə ana dili fənni üzrə nəticələr 2015-ci ilə nisbətən 6%, riyaziyyat fənni üzrə isə 4% qalxıb. Ümumiyyətlə, nəticələr hər il yüksələn tendensiya ilə davam edib və 2013-cü ildən etibarən ana dili fənni üzrə nəticələr 15%, riyaziyyat fənni üzrə isə 8% artmaqdadır.
2016-cı il buraxılış imtahanlarında “kafi”, “yaxşı” və “əla” qiymət alanların sayı “qeyri-kafi” qiymət alanların sayından ana dili fənni üzrə 4 dəfə, riyaziyyat fənni üzrə isə 3 dəfə çox olub. Bu o deməkdir ki, şagirdlərin ən azı dörddə üçü ana dili fənnini, üçdə ikisi isə riyaziyyat fənnini mənimsəyib. Bundan başqa, şagirdlərin 30%-dən çoxu hər iki fəndən “yaxşı” və “əla” qiymətlər alıblar.
Ötən il IX sinif buraxılış imtahanlarında hər iki fəndən ( ana dili və riyaziyyat) müvəffəq qiymət alanların sayı 67, 22% təşkil edib.
Hər iki fəndən “5” alan şagirdlərin sayı isə 9,2% olub. 2015-ci ildə isə bu rəqəm 7,0 % təşkil edib.
Ötən il XI sinif buraxılış imtahanlarında ana dili, riyaziyyat və ingilis dili fənlərindən müvəffəq qiymət alanların çəkisi 2015-ci ilə nisbətən 2% artaraq 65% olub. Yəni hər 3 şagirddən 2-si hər üç fənni kifayət qədər mənimsəyib. XI sinif buraxılış imtahanında hər bir fənn üzrə qiymətlərin çəkisinin təhlili göstərir ki, ana dili və riyaziyyat fənnindən, demək olar ki, şagirdlərin yarısı “yaxşı” və ya “əla” qiymətlər alıb.
Qeyri-kafi qiymət alanların sayı isə hər iki fənn üçün 20%-dən aşağıdır, yəni hər beş şagirddən dördü imtahanı uğurlu verib, hər iki şagirddən biri isə 4 və ya 5 qiymət alıb. Xarici dil fənni üzrə də 4 və ya 5 alanların ümumi sayı digərlərinin sayından çox olub. Belə ki, “əla” və ya “yaxşı” qiymət alanlar 405, “kafi” qiymət alanlar 36%, qeyri-kafi qiymət alanlar isə cəmi 24% təşkil edib.
IX və XI sinif buraxılış imtahanlarında, eləcə də ali təhsil müəssisələrinə qəbul imtahanında məqbul qiymət alanların çəkisi artıb.
IX sinifdə orta hesabla son 5 ildə bu artım 17% olmuşdusa, XI sinifdə keçən ilə nisbətən bu artım 2% təşkil edib.
Keçən il IX sinif buraxılış imtahanında aşağı nəticə göstərmiş rayonlarda aparılan işlərin nəticəsi olaraq 2015/2016-cı tədris ilinin IX sinif buraxılış imtahanında Astarada 22%, Ağcabədidə 15%, Sabirabadda 14%, Masallıda 11%, Cəlilabad və Saatlı rayonlarında isə 9%-lik artım olub.
Ali məktəbə ərizə verənlər arasında orta bal son 5 ildə 177-dən 209-a qalxıb.