Bu gündən etibarən Azərbaycan ərazisində hava şəraiti dəyişəcək, martın 31-i axşamadək qeyri-sabit hava müşahidə olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında bildirib ki, rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir.
Bakı və Abşeron yarımadasında da hava şəraiti qeyri-sabit keçəcək, arabir yağıntılı olacaq.
Havanın temperaturu ölkə ərazisində ötən günlərlə müqayisədə 7-8 dərəcə enəcək.
Hava şəraiti əsasən şimal və qərb rayonlarından pisləşməyə başlayacaq.
Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı, bəzi yerlərdə yağıntının intensiv olacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3-5, gündüz 5-7 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 0-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.