Kəmalə Həşimova: “Bu, mövsümə uyğun olaraq normal iqlim hesab olunur, burada heç bir anomal hava şəraiti müşahidə olunmur”
Son günlər Azərbaycan tarixində çox da tez-tez rast gəlinməyən təbiət hadisəsini müşahidə etməkdəyik. Söhbət ilin ən isti ayı sayılan iyulun son günlərinin sərin, temperaturun qızmar yay fəslinə xas olmamasından gedir. Kəsəsi, indi – yayın ortasında paytaxt Bakıda və bəzi bölgələrdə gerçəkdən payız havası müşahidə olunmaqdadır.
Bəs yayın ortasında temperaturun bu dərəcədə aşağı düşməsi normal sayılırmı?
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun şöbə müdiri Kəmalə Həşimova Lent.az-a açıqlamasında son bir neçə gündə davam edən sərin hava şəraitinin iqlim normalarına uyğun olduğunu bildirib. Onun sözlərinə görə, hazırkı hava şəraiti də iqlim norması daxilindədir: “Əvvəlki illərdə də iyul ayında havanın sərin keçməsi müşahidə olunub. Bu gün də havanın dəyişkən buludlu olması, arabir tutulması müşahidə edilir. Yağış yağacağı da gözlənilir, lakin yağışın axşama doğru tədricən kəsiləcəyi proqnozlaşdırılır. Mülayim şimal küləyi müşahidə olunur. Havanın temperaturu isə bu gün günorta saatlarında 26-31 dərəcə isti təşkil edib. Sabah Bakıda hava şəraiti dəyişkən, əsasən yağmursuz olacaq, mülayim şimal küləyi əsəcək. Gündüz saatlarında şimal küləyi cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə saatlarında 18-23, gündüz 27-32 dərəcə isti olacaq. Avqustun 1-də və 2-də paytaxta hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Havanın temperaturu isə günorta saatlarında 33 dərəcəyədək yüksələcək”.
Kəmalə Həşimova deyib ki, oxşar hava şəraiti Azərbaycanın rayonlarında da müşahidə olunacaq. Belə ki, bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Onun sözlərinə görə, iyulun 31-də gündüz saatlarında yağışın tədricən kəsiləcəyi, avqustun 1-dən əsasən yağmursuz olacağı gözlənilir. Bölgələrdə havanın temperaturu günorta saatlarında 30-35 dərəcəyədək isti təşkil edəcək: “Əvvəlki illərdə də iyul ayında belə hava şəraiti müşahidə olunb. 2012-ci ilin bu dövrü ilə müqayisə etsək, ötən il iyulun 15-də Bakıda 24 millimetr yağış yağmışdı ki, bu da aylıq normadan çoxdur. Hazırkı sərin hava şəraiti həmişə müşahidə olunub”.
Mövcud hava şəraitinin yay mövsümünə xas olmayan sərin temperatur kimi dəyərləndirilməsinə gəlincə, Kəmalə Həşimova deyib ki, ayrı-ayrı illərdə iyul ayında havanın bu cür sərin keçməsi müşahidə olunub: “Amma bu, mövsümə uyğun olaraq normal iqlim hesab olunur, burada heç bir anomal hava şəraiti müşahidə olunmur. Əvvəlki illərdə bu mövsümdə belə hava şəraiti olub. Temperatur da iqlim norması daxilindədir”.
Xatırladaq ki, bu saatlarda Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində zəif yağış yağır.