Hansı şərtlə qan vermək, orqan bağışlamaq halal sayılır? - <span style="color:red;">İLAHİYYATÇI DANIŞIR
12 aprel 2015 19:05 (UTC +04:00)

Hansı şərtlə qan vermək, orqan bağışlamaq halal sayılır? - İLAHİYYATÇI DANIŞIR

"İslamda yardımlaşmaya böyük önəm verilir və bu barədə islam mənbələrində mühüm xüsuslar var". APA TV-nin məlumatına görə, bu barədə ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov "Yaşıl orta" verilişində danışıb. O bildirib ki, yardımlaşma ilə bağlı "Qurani-Kərim"də sədəqə məfhumu var: "Əslində sədəqə çoxşaxəli bir anlayışdır. Sədəqənin fərz olan tərəfi var ki, islamda ona zəkat deyilir. Zəkat institutu yardımlaşmanın ən önəmli ünsürüdür. Zəngin insan hər il malının müəyyən bir hissəsini kasıblara verməlidir. Bu dinimizin tələbidir. Zəkat insanlar arasında sosial təbəqələşmənin aradan qalxmasına, sosial bərabərliyə xidmət edir".

 

A.Şirinov qeyd edib ki, "Qurani-Kərim"də zəkat ən çox adı çəkilən ibadətlərdən biridir: "Müqəddəs kitabımızda belə buyrulur: " Namaz qılan və zəkat verən". Bu iki ibadətin adı vurğulanır. Çünki namaz müsəlmanın digər insanlara yaxşılıq etməsinə səbəb olur. Namaz insanları çirkinliklərdən və pisliklərdən uzaqlaşdırır. Yardımlaşma üçün zəkatdan başqa sədəqə də var. Yardım edən zaman yaxın çevrədən başlamaq lazımdır. Yəni öncə qohumlara və qonşulara əl tutmalıyıq".

 

İlahiyyatçı yardım üçün qan verməyin də halal olduğunu bildirdi: " Ehtiyacı olan xəstələr üçün qan vermək, daxili orqanları bağışlamaq olar. Bu savab olmaqla yanaşı, həm də sədəqədir. Lakin bu məsələdə önəmli bir şərt var. Buna diqqət etməliyik. İnsan orqanını bağışlayan zaman özü bu əməliyyatdan zərər görməməlidir. Yəni həyati təhlükə yaranmamalıdır. Əslində insanın etdiyi hər bir yardım və yaxşılıq sədəqədir. İslama görə hətta təbəssüm belə sədəqədir".

 

Mövzu ilə bağlı iqtisadçı Aqil Eyvazov da fikir bildirib. O qeyd edib ki, eyni cəmiyyətdə yaşayan insanların bir-birinə hər zaman ehtiyacı olur: "İnsanların sosial vəziyyəti müxtəlifdir. Varlı-kasıb, güclü-zəif adamlar var. Cəmiyyətdə hər kateqoriyaya aid insana rast gəlmək mümkündür. Odur ki, bir-birimizin dəstəyinə ehtiyacımız var. Hətta zəngin adam da bir başqasına möhtacdır. Çünki o da varını digər insanların hesabına qazanır. Bu baxımdan toplum üçün yardımlaşmanın böyük əhəmiyyəti var. Həm cəmiyyətdə sosial təminat yüksələr, təbəqələşmə azalar. Həm də yardım edənlə yardım alan arasında bir bağ yaranar. İnsanlar arasında dostluq, sevgi artar".

 

A.Eyvazov əlavə edib ki, cəmiyyətimizdə bu gün də yardımlaşma var: " Biz yardımsevər xalqıq. Bəzən insanlar kiməsə kömək etmək istəyir amma necə yardım edəcəyini bilmir. Bunun üçün güclü təşkilatlanmaya və mexanizmə ehtiyac var. Ən önəmlisi isə etimaddır. İnsan əmin olmalıdır ki, yardım üçün verdiyi məbləğ ünvana çatacaq. Odur ki, bu yöndə qurulan təşkilatlar üçün ən önəmli məsələ ictimai etimadı qazanmaqdır".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 280
avatar

Oxşar yazılar