Avtomobillərin hərəkəti dayandırılıb. Respublika Şahmat Mərkəzinin önündə xeyli insan toplaşıb. Başda gənclər və idman naziri Azad Rəhimov olmaqla, hamı çöldədir. Əksəriyyətinin yaxasında dünyaca tanınmış bir gəncin fotoşəkli. Üzlərdə hüzn, qəlblərdə VÜQAR.
Gözləyirlər…
Elə bu vaxt çiyinlərdə Azərbaycanın üçrəngli bayrağına bükülmüş tabut, irəlidə isə əllərində bir neçə portret tutmuş gənclər görünməyə başlayır. Onlar xeyli insanın müşayiəti ilə, hüznlə katafalka doğru irəliləyirlər. 28 yaşı tamam olmamış dünyasını dəyişən şahmatçımız Vüqar Həşimovla vida mərasiminin son akkordlarıdır. Mərhumun cənazəsi avtomobilə yerləşdirilir...
Bu zaman nəzərlər göz yaşlarına boğulmuş gənc qıza yönəlir. Onu heç kim tanımır, amma özü dünyasını dəyişənin kim olduğunu çox gözəl bilir. Ağlayır, ağlayır...
***
Yanvarın 14-də Respublika Şahmat Mərkəzinə gələnlərin ardı-arası kəsilmirdi. Səhər saatlarından başlayaraq, insanlar gənc ikən dünyadan köçən, amma mənalı ömür yaşayan, ölümü ilə şahmat aləminə səs salan Vüqar Həşimovla vida mərasiminə gəlməkdə idilər. Onların arasında təkcə ailə üzvləri, qohumları, yaxınları deyil, komanda yoldaşları, müxtəlif federasiyaların rəsmiləri, veteran idmançılar, dövlət xadimləri, sənətçilər də var idi. Şahmat Mərkəzinin böyük zalında Həşimovun nəşi, önündə isə qazandığı kuboklar, mükafatlar qoyulmuşdu. Hamı atası Qasım müəllimə, anası Aidə xanıma, şahmatçı qardaşı Sərxana, jurnalist bacısı Samirəyə başsağlığı verir, ailənin dərdinə şərik olduğunu bildirir, növbə ilə fəxri qarovulda dururdular.
Vida mərasimində iştirak üçün gələnlərin digər bölümünə isə Şahmat Mərkəzinin başqa bir zalında rast gəlmək olardı. Onların arasında Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının (AŞF) rəsmiləri və digər tanınmış şəxslər də var idi. Onların hamısı həmfikir idi:
“Azərbaycan idmanına və şahmatına ağır itki üz verib”
Qadınlardan ibarət yığma komandamızın baş məşqçisi Fikrət Sideifzadənin sözlərinə görə, Vüqar Həşimov dünyanın ən qabaqcıl, Azərbaycan tarixinin ən böyük şahmatçılarından biri olub: “Bu, bütün şahmatçılarımız üçün çox ağır itkidir. Vüqar 2009-cu ildə dünya şahmatçılarının reytinq siyahısında 6-cı pilləyədək irəliləmişdi, dəfələrlə ilk “10-luğ”a girmişdi. 2009-cu il Avropa çempionatında yığmamız qalib gələrkən, həlledici rol oynamışdı. Bundan başqa, 2007 və 2011-ci il qitə çempionatlarında müvafiq olaraq, bürünc və gümüş medal qazanarkən, komandamızın tərkibində o da var idi. Yeniyetmələr arasında turnirlərdə Vüqar müxtəlif əyarlı 7 medala yiyələnmişdi. Onun çoxsaylı qələbələri içərisində İtaliyada keçirilmiş Recco-Emiliya superturniri xüsusi yer tuturdu. Vüqar şahmata böyük sevgisi, əməksevərliyi, öz oyununa tənqidi yanaşması ilə hətta dünya şahmatçıları sırasında da seçilirdi. Sözsüz ki, gələcəkdə onu böyük uğurlar, yaradıcılıq nailiyyətləri gözləyirdi. Təəssüf ki, aramızdan çox gənc ikən getdi. Azərbaycan şahmatı tarixi ərzində böyük bir oyunçunu itirdi”.
Sideifzadə vaxtilə onun rəhbərliyi altında çıxış etmiş Həşimovla bağlı xatirələrini də bölüşdü: “1996 – 2002-ci illərdə Vüqar yeniyetmələr arasında turnirlərdə yarışırdı. Heç vaxt onunla bağlı münaqişəli situasiya olmurdu. Şahmatçılar, adətən, şıltaq olurlar. Amma Həşimov həmişə sözə qulaq asan, məşqçinin dediyini dinləyən idi, tərbiyəsinə də söz olmazdı. Onunla aramda heç vaxt problem olmayıb. Amma 2008-ci ildə Almaniyanın Drezden şəhərində keçirilmiş Şahmat Olimpiadasında bəzi problemlərin yaşandığını xatırlayıram. Bu, böyük şahmatçılar arasında baş verən müəyyən çətinliklərdən idi. Bu problemi aradan qaldırmaq üçün dəfələrlə, saatlarla söhbətimiz olurdu. Lakin sonda “Təki komandada problem olmasın” deyə bizimlə razılaşırdı. O, yığmanın uğurunu həmişə üstün tuturdu. Şəxsi prinsipləri kənara qoya bilirdi. Bu da bir insan kimi şəxsi keyfiyyətlərindən xəbər verir. Bunlar heç vaxt yadımdan çıxmır. Amma Vüqarın daha böyük nəticələri hələ irəlidə idi. Azərbaycan şahmatı tarixində belə şahmatçılar nadir hallarda olurlar. Çox böyük şahmatçını və böyük insanı itirmişik. Təəssüf!”
“Belə dahi şahmatçı olduğunu özümüz də bu qədər dərk etməmişik”
AŞF-nin vitse-prezidenti Faiq Həsənov isə bildirdi ki, Vüqar Həşimovun vəfatı həm də Azərbaycan xalqının itkisidir: “Ona görə ki, Vüqar dünya şöhrətli, dünya elitasına daxil olan şahmatçı idi. Planetin ən güclü 10 şahmatçısı sırasına daxil olmuşdu. Beynəlxalq Şahmat Federasiyasından, müxtəlif ölkələrdən gələn baş sağlıqlarından da görürük ki, ola bilsin, Vüqarın belə dahi şahmatçı olduğunu bəlkə özümüz də bu qədər dərk etməmişik. FİDE prezidenti Kirsan İllümjinov, dünya çempionu Maqnus Karlsen başda olmaqla aparıcı şahmatçıların hamısı bizə baş sağlığı verir. Yəni, Həşimovun vəfatı dünya şahmatı üçün də böyük itkidir. Onun yaratdığı etüdlər hətta dünya şahmat inciləri sırasına daxil edilə biləcək səviyyədədir”.
Federasiyanın digər vitse-prezidenti Mahir Məmmədov isə Həşimovun qısa və parlaq ömrü ilə Azərbaycan tarixində çox böyük iz qoyduğunu vurğuladı: “Təsadüfi deyil ki, hətta “New York Times” kimi nəşr onun vəfatından yazıb, dünyanın aparıcı şahmatçıları başsağlığı verirlər. Bu, bizim üçün çox böyük, hətta deyərdim ki, əvəzolunmaz itkidir. Belə parlaq şahmatçı ölkəmizin tarixində 50 ildə, 100 ildə bir dəfə ola bilər. Mən onun ilk addımlarını xatırlayıram. 1998-ci ildə Bakıya ilk şahmatçı ədib, nəzəriyyəçi gəlmişdi. O, şahmatçılara baxdı və dedi ki, burada bir dünya çempionu var. Sonra da Vüqarı çağırdı. Həşimov çox istedadlı şahmatçı idi. Vüqarın sona çatdıra, həyata keçirə bilmədiyi çox ideyalar qaldı. O, son illər şahmatın müəyyən variantlarında, xüsusən, Benoni müdafiəsində ən böyük nəzəriyyəçilərindən, klassiklərindən biri idi. Bu etüdlər təkcə ölkə daxilində deyil, şahmat tarixində, bu variantların nəzəri hissələrində əbədiləşəcək. Allah rəhmət eləsin”.
“Qeyri-adi xəstəlik gəlib Vüqara düçar oldu”
Həşimovun səhhətində sonuncu dəfə 2011-ci il komandalararası Avropa çempionatında problem yaranıb. O, Fransa ilə son tur qarşılaşmasında özünü pis hiss edib. Amma rəqib komanda da bunu anlayışla qarşılayıb və görüş heç-heçə nəticələnib. Həsənovun sözlərinə görə, həmin hadisədən sonra Həşimov yalnız bir turnirə qatıla bilib və səhhəti sarıdan çox böyük problemlərlə üzləşib. O bildirdi ki, şahmatçımızın müalicəsi zamanı dövlət tərəfindən lazımi səviyyədə köməklik göstərilib: “Vüqar xəstə olanda ölkə prezidenti İlham Əliyev başda olmaqla, Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası, Dövlət Neft Şirkəti dəstək oldular, müalicəsinə maddi köməklik göstərdilər. Mən deməzdim ki, sağalmaz xəstəlik idi. Fikrimcə, nadir xəstəliklərdən biri olub. Uşaqlıqdan epilepsiya keçirib, ola bilsin, onun fəsadları idi büruzə verirdi”.
Məmmədov isə son 3 ildə Vüqar Həşimovun öz ailəsi ilə birgə yaşamaq uğrunda çox böyük mübarizə apardığını dedi: “Amma əfsuslar olsun ki, elm tərəfindən sonadək öyrənilməyən qəddar xəstəlik bütün əziyyətlər, bütün mübarizədən üstün oldu. Vüqarın müalicə aldığı klinika dünyanın aparıcı tibb ocaqlarından biri idi. Yəqin ki, yeni preparatları yoxlayıblar. Çünki xəstəlik doğrudan da qeyri-adi idi və gəlib Vüqara düçar oldu. Onun özünün gərgin iradəsi, ailənin səyi hesabına uzun müddət xəstəliklə mübarizə apardı”.
Komanda yoldaşlarının üzüntüsü
Mərhumla vida mərasiminə komanda yoldaşları da gəlmişdi. Onlardan Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Qədir Hüseynov və Eltac Səfərli mərasimin əvvəlindən sonunadək iştirak etdilər. Teymur Rəcəbov isə sonradan qatıldı. Amma bütün yığma üzvlərinin üzündəki hüznü görmək çətin deyildi.
Rəcəbov Həşimovla keçirdiyi günləri xatırladı: “Demək olar ki, 20 illik şahmatçı karyeramda Vüqarla bir yerdə olmuşam. Böyük qələbələrə bir addımlamışdıq, çətinlikləri birgə keçmişdik. O, həmişə pozitiv, optimist qalmağa çalışırdı. Bir çox şeylərdə komandaya kömək edirdi, təcrübəsini, fikirlərini bölüşürdü, ideya verirdi. Mən Vüqarın karyerasını bərpa edəcəyinə və yenidən yığmaya dönəcəyinə böyük ümid bəsləyirdim. Hamımız inanırdıq ki, Vüqar qayıdacaq. Bunun üçün əsas da vardı. Bildirilirdi ki, yaxşıdır, oynaması mümkün olacaq. Ancaq üzücü xəbər aldıq. Ailəsi, milli komanda və dünya şahmatı üçün böyük itkidir”.
Rauf Məmmədov isə 2009-cu ildə Avropa çempionu olduqları günü yada salaraq kövrəldi: “Həmin il son matçda 2 heç-heçə qeydə alınmışdı, sona Vüqarla mən qalmışdım. Onun oyununa baxanda başa düşdüm ki, udacaq. 7 saat çəkən görüşdə bunu bacardı. Adı şahmat tarixinə qızıl hərflərlə yazılacaq”.
Qədir Hüseynov da hələ uşaqlıqdan Həşimovla birgə olduğunu dedi: “Uşaq vaxtlarında Avropa və dünya çempionatlarının daimi iştirakçısı idi. O, xəstəliyə görə bir müddət şahmat oynamadı. Amma uğurlu əməliyyatdan sonra səhhəti normallaşdı və dönüşü parlaq alındı. O, əsl komanda oyunçusu idi. Öz analizlərini, ev tapşırıqlarını bizimlə bölüşürdü. Halbuki onu hazırlamaq üçün xeyli vaxt sərf edirdi. Onun öz ölkəsinə, xalqına sevgisi də böyük idi. Həmişə deyirdi ki, Azərbaycan yığmasında çıxış etməkdən qürur duyuram”.
Hüseynov Həşimovun 2011-ci ildə Avropa çempionatında çıxışı zamanı büruzə verən xəstəliyindən də danışdı və son illərini xatırladı: “Fransa ilə məlum matçdan sonra bizim kapitanımız ukraynalı Vladimir Tukmakov bildirdi ki, 50 illik məşqçilik karyerasında xəstə oyunçunu görüşə buraxmayıb. Vüqarın artıq xəstəliyi qayıtmışdı və özünü pis hiss edirdi. Amma buna rəğmən, oynayacağını, yarışı davam etdirəcəyini bildirdi və növbəti turlarda biz Rusiyanı, Bolqarıstanı, Rumıniyanı məğlub etdik. Beləliklə, Azərbaycan gümüş medal qazandı. Vüqar daim rayonlara gedib, uşaqlara pulsuz seans verirdi. İnandırım sizi, dünyanın o səviyyədə əksər şahmatçısı bunu böyük məbləğ qarşılığında edər. Onun ölümü ilə barışa bilmirəm. Doğrudan da çox çətindir. İstəyirəm onun adı həmişə şahmatçılarla birgə çəkinsin. Biz qələbə qazananda həmişə onu fikirləşəcəyik. Almaniyada olduğu vaxt danışmaq gücündə deyildi. Bir ildən çox idi onunla söhbət etmirdim. Sonuncu dəfə 2011-ci ilin dekabrında görüşüb futbol oynamışdıq”.
Kişilərdən ibarət millimizin kapitanı Aleksandr Xalifman da Vüqarın ölümünü böyük itki adlandırdı: “Biz həmişə onu xatırlayacağıq. Xatirəsi qəlbimizdə qalacaq. Azərbaycanlı şahmatçıların növbəti qələbələri Vüqarın qələbələri olacaq. Təəssüf hiss keçirirəm”.
“Hər kəs çox böyük həyəcan, kədər hissi keçirir”
Respublika Şahmat Mərkəzinə gələnlərin ardı-arası kəsilmirdi. Mərhumla vidalaşmağı özünə borc bilənlər arasında bütün federasiya rəsmilərinə rast gəlmək olardı. AŞF-nin sabiq prezidentləri Eldar Namazovla Aynur Sofiyeva da mərhumun ailəsinə başsağlığı verməyə gəlmişdi. Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Faiq Qarayev də tədbirdə idi: “Bu, təkcə Azərbaycan şahmatı üçün deyil, bütün idmanımız üçün böyük itkidir. Burada hər kəs çox böyük həyəcan, kədər hissi keçirir. Çünki çox gözəl idmançı, çox gözəl insan və gəncin dünyasını dəyişdiyini eşidəndə Azərbaycan Voleybol Federasiyası, idmançı və mütəxəssis olaraq, hamımız çox kədərləndik. Onun da öz arzuları var idi. Heyf ki, aramızdan çox tez getdi. Allah rəhmət eləsin. Valideynlərinə də başsağlığı verirəm. Yəqin ki, Həşimovun dostları öz uğurları, fəaliyyətləri ilə onu heç vaxt unutmayacaqlar”.
Bir müddət sonra gənclər və idman naziri Azad Rəhimovla Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirov da mərasimə gəldi. O, mərhumun ailə üzvlərinə başsağlığı verdikdən sonra fəxri qarovulda da durdu. Daha sonra Rəhimov keçirdiyi hissləri jurnalistlərlə bölüşdü: “Sözsüz ki, bu, hamımız – Azərbaycan xalqı, idman ictimaiyyəti üçün böyük itkidir. Çox istedadlı, dünyanın ən yaxşı şahmatçılarından biri və ən əsası, çox gənc idmançı artıq aramızda yoxdur. Prezident İlham Əliyevin xüsusi tapşırığına əsasən, Dövlət Neft Şirkəti, Gənclər və İdman Nazirliyi tərəfindən müalicəsi ilə bağlı bütün təşkilati məsələlər həll olunmuşdu. Müalicə Almaniyada xüsusi klinikada aparılmışdı. Amma təəssüf ki, xəstəliyi sağalmaz idi. Mən bütün idmansevərləri Həşimovun xatirəsini yad etməyə çağırıram. Gəlin, “Allah rəhmət eləsin” deyək, ailəsinə can sağlığı arzulayaq. Vüqarı cismən itirmişik, ruhu bizimlədir. Fikrimcə, bütün idmançılar onu həmişə yada salacaq, oynadığı partiyalar böyük maraqla izləniləcək, yenidən təhlil olunacaq”.
Rəhimov Həşimovun xatirəsinin əbədiləşdiriləcəyini də bəyan etdi: “Bəd xəbər çıxan kimi Bakı şəhər Gənclər və İdman Baş İdarəsi Gənclər və İdman Nazirliyi qarşısında təkliflə çıxış etdi ki, bütün yarışlar Vüqar Həşimovun xatirəsinə 1 dəqiqəlik sükutla başlasın. Hazırda Həşimovun xatirəsinin əbədiləşdirilməsi ilə bağlı məsələyə nazirlikdə baxılır. Amma qərarı nazirlik yox, dövlət qəbul edir. Sözsüz ki, prezident İlham Əliyevlə məsləhətləşmələr, onun baxışı da çox vacibdir. Belə bir yüksək səviyyəli idmançının xatirəsinin yaddaşlarda qalmasını istərdik. Təkliflər çoxdur. Onların arasında Respublika Şahmat Mərkəzinə Vüqar Həşimovun adının verilməsi də var. Eyni zamanda, son 2 gün ərzində küçə, idman mərkəzi, olimpiya kompleksi və ya idmanla bağlı hansısa müəssisəyə onun adı verilməsinə dair təkliflər də gəlib və bunlardan hansısa ola bilər”.
Həşimovun xatirəsinin əbədiləşdiriləcəyini AŞF-nin vitse-prezidenti Faiq Həsənov da bildirdi: “Biz istəyirik ki, Vüqarın adına layiq yeni turnir keçirək. Əlbəttə, tərəfimizdən Həşimovun xatirəsini əbədiləşdirmək üçün nə isə etməyə çalışacağıq”.
Endşpil əvəzi
Bu da son. Dünyanı mat qoyan şahmatçı son mənzilə yola salınır. Bu, onun ömür yolunda 28-ci, sonuncu gedişi idi... Ölümü ilə hamını MAT edən gediş.