Hərdən əlini göyə qaldırıb Allahın əlindən tutmağı gəlir insanın. Tuta bilmir. Dabanlarını qaldırır. Bir az, bir az da uzadır əlini, alınmır. Lap barmaqlarının ucunda durur. Gücdən düşənə qədər dartınır. Güc gəlir əzələsinə. Birdən taqətdən düşür. Dizi üstə çökür. Başını qaldırıb səmaya baxır. Göy üzü çox gözəldir. Hər gözəllikdə Allah olmaz deyir. Ən gözəli yaradar, ən çirkində, ən iyrəncdə gizlənər. İnsanı sınamaq üçün. İnsanla Allahın gizlənqaç oynamağı kimi bir şeydir bu. Allah gizlənər, insan axtarar. Ya da hərdən insan gizlənər, Allah axtarar. Amma daha çox insan axtarar. Haradadır Allah deyər?
Bəlkə bir dilənçinin dilindədir, qarşısında insanlar insafdan imtahan verir...
Bəlkə bir səfilin üstü qartmaq bağlamış, irinli yara tökmüş əlindədir, gözləyir ki, kim bağrına basıb, öpüb sığallayacaq onu...
Bəlkə bir fahişənin ruhundadır, cismində insanlar sınanır...
Adam az qalır desin ki, hardasansa çıx gəl, əlini divara vur, oyun bitdi de, insafın olsun ay Allah!
Bəlkə insanın ürəyində Allah xofu olduğu qədər, Allahın da insan qorxusu var?! Ya da nə Allahın insanı var, nə də insanın Allahı. İkisi də qorxuya dirək olub dünyanı yaradıblar. Allahla insan arasındakı səddir dünya. Biri bezə, çiynini çəkə bircə dəfə, ya insan, ya da Allah. Ya Allah insana gələ, ya insan Allaha gedə. Onda da dünyada dünyalıq qalmaz ki. Nə dilənçisi, nə səfili, nə fahişəsi olar. Adı da başqa olar yəqin. Çünki onda hamı ya Allah olar, ya da insan. Amma bəlkə Allah hərdən səfil, hərdən dilənçi, hərdən fahişə olmaq istəyər. İnsanların Allaha xətir nə qədər əxlaqlı, ürəkli, mərhəmətli olduğunu bilmək üçün...
Bu “bəlkə”lər yordu məni. Dabanlarımı qaldırıb, lap barmaqlarımın ucunda durmuşam. Əlini uzat, düş gəl söyləyəcəkdim, “hər gözəllikdə Allah olmaz” dediyi düşdü yadıma insanın. Dünya qədər tənhayıq, həyat qədər mənasız. Bitsin başlayan bu fırtına. Nə səfili, nə dilənçisi, nə fahişəsi olsun dünyanın. Hamı ya Allah olsun, ya da insan. Dünyanın insanı da, Allahı da olmaq çətindir çünki...