Sentyabrın 5-də Gürcüstanın Yağlıca poliqonunda Gürcüstan və Azərbaycanın iştirakı ilə “Təhlükəsiz Qafqaz-2014” adlı beynəlxalq təlim keçirilib.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Gürcüstan daxili işlər nazirinin müavini Vaxtanq Qomelauri, Azərbaycan fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev çıxış edərək Gürcüstan və Azərbaycan arasında keçirilən bu təlim nəticəsində yüksək təcrübə əldə ediləcəyini, gələcəkdə belə tədbirlərin daha çox təşkil olunacağını bildiriblər.
Natiqlər qeyd ediblər ki, təlimdə əsas məqsəd əməkdaşlığı təkmilləşdirmək və iki ölkə arasında imzalanan Anlaşma Memorandumu çərçivəsində Azərbaycanla Gürcüstan arasında geniş miqyaslı fövqəladə hallar zamanı xilasedicilərin işlərini əlaqələndirməkdir. Təlimdə Gürcüstan hökuməti ilə “British Petroleum” (BP) arasında imzalanan müqaviləyə əsasən suda və quruda neft dağılmalarına qarşı fəaliyyətin tənzimlənməsi, eləcə də əlaqələndirmə işlərinin təkmilləşdirilməsi və təcrübə mübadiləsinə də diqqət yetirilib.